İlham Əliyev BMT sessiyasında Tovuz döyüşlərindən danışdı: “Ermənistan KTMT-yə müraciət etmişdi”
2020-ci ilin iyulun 12-də Ermənistan Azərbaycanla sərhəddə daha bir hərbi təxribata əl atdı. Ermənistanın təxribatı nəticəsində Tovuz rayonunda Azərbaycan hərbçiləri şəhid oldu, bundan başqa, 76 yaşlı dinc sakin artilleriya atəşləri nəticəsində həlak oldu.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu fikirləri səsləndirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın adekvat cavab tədbirləri nəticəsində Ermənistan uğursuzluğa düçar oldu.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Tovuz cəbhəsində də hərbi məğlubiyyətlə üzləşdi.
“Ermənistan hərbi yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi. Amma onların bu müraciəti də uğursuzluqla nəticələndi”, - deyə İlham Əliyev əlavə edib.
Ölkə başçısı qeyd edib ki, Ermənistan Tovuz döyüşlərindən sonra təmas xəttində digər təxribata əl atdı:
“Ermənistan hakimiyyəti bununla Azərbaycanın təklif etdiyi “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi prosesinə kölgə saldı. Ermənistan bu gün Azərbaycanın işğal altındakı torpaqlarına öz valideynlərinin məzarlarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlayır”, - deyə İlham Əliyev bildirib.