Daşkəsən rayonunda 2014-cü il çox böyük uğurlar və nailiyyətlərlə yadda qalmışdır
Daşkəsən rayonunda 2014-cü il çox
böyük uğurlar və nailiyyətlərlə yadda qalmışdır
Bu gün Daşkəsən rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlamışdır. Toplantı iştirakçıları rayonda 2014-cü ildə əldə olunmuş nəticələrə və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş filmə baxmışlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, biz Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri rayonumuzda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplanmışıq. Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2014-cü hesabat ili bütövlükdə respublikamız üçün, eləcə də onun dilbər guşələrindən olan Daşkəsən rayonu üçün xüsusilə əhəmiyyətli və yaddaqalan olmuşdur.
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ötən il rayonumuza səfəri və görülən işlərlə bilavasitə tanışlıq hər birimizdə şərəf hissi və qürur doğurur. Bu səfər zamanı biz ali rəhbər qarşısında ötən illər ərzində rayonumuzda görülən işlərin hesabatını verdik. Düşünürəm ki, bu məqam rayonumuzun tarixində və hər birimizin həyatında xüsusi bir səhifə olacaqdır.
2014-cü il Daşkəsən rayonunda genişmiqyaslı işlər görülmüş, xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan dinamik inkişaf tempini qoruyub saxlamış, iqtisadi və sosial proqramlar yüksək səviyyədə yerinə yetirilmiş, ölkəmiz və hətta deyərdim ki, bütövlükdə regional və daha qlobal əhəmiyyətə malik böyük layihələr uğurla icra olunmuşdur. 2003-cü ildən başlayaraq ötən hər il Azərbaycan xalqının və dövlətinin tarixinə qızıl hərflərlə yazılmış, başa vurduğumuz hər il tarixi hadisələr və naliyyətlərlə yaddaşlarda qalmışdır. 2014-cü il də xalqımızın tarixində həyati bir dövr olmuş və bir sıra parametrləri ilə daha fərqli və daha zəngin olmuşdur. Bütün bu nailiyyətlər isə təbii ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmışdır. Bu gün biz hər birimiz Azərbaycanın uğurlarına, hər birimizin şəxsi həyatında baş verən uğurlara, müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə minnətdarıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək demişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycanın ötən il ərzində qazandığı uğurlar geniş və əhatəli təhlil edilmiş, bu çıxışda eyni zamanda üzərimizə böyük məsuliyyət və vəzifələr qoyulmuşdur. Cənab Prezident İlham Əliyev 2014-cü ilin yekunlarını təhlil edərək bildirmişdir: “Keçən il dünyada və bölgədə müxtəlif proseslər baş vermiş, gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.
Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparır. Keçən il həm qonşu, həm də Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün böyük işlər görülmüşdür. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır.
Regional məsələlərin həllində Azərbaycanın rolu əvəzolunmazdır. Ölkəmiz bir çox təşəbbüslərin müəllifidir. Bu təşəbbüslər real layihələrə çevrilir və onların icrası bizim imkanlarımızı artırır, ölkəmizə siyasi və iqtisadi dividendlər gətirir.”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə toxunan cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir və heç kimə sirr deyil ki, bu ölkə sülh istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir və o, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Dünyada elə qüvvələr var ki, onlar maraqlıdırlar ki, bu münaqişə dondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər.
Prezident İlham Əliyev qeyd etmişdir: “2014-cü ildə ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.
İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.
Təbii ki, Prezident İlham Əliyevin nitqində söylədiyi bu fikirlər Azərbaycanın bugünün reallıqlarıdır. Dövlət başçımızın rəqəmlərlə ifadə etdiyi bu möhtəşəm uğurlar hər birimizi sevindirir və gələcək nailliyyətlərə daha da həvəsləndirir. Bu uğurlar bizi sevindirdiyi kimi, hər birimizi daha məsuliyyətli olmağa sövq edir, hər birimizin üzərinə eyni zamanda daha böyük vəzifələr qoyur.
Qeyd etməliyəm ki, bütövlükdə respublikamızda olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ildə bir çox uğurlu işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.
İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra bildirmişdir ki, 2014-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə artmışdır.
Ümumi məhsul buraxılışında 2013-cü illə müqayisədə 2014-cü ildə kənd təsərrüfatı məhsulları 271884,7 min manat (0,7% çox), nəqliyyat üzrə 2736,9 min manat (4% çox), ticarət xidmətləri üzrə 14538,3 min manat (3,6% çox), rabitə xidmətləri üzrə 239,8 min manat (31,4% çox) olmuşdur.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri - dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi baza möhkəmləndirilmiş, dövlət tərəfindən hərtərəfli dəstək verilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda 2013-cü ildə 34 sahibkara 501 min manat, 2014-cü ildə isə 49 sahibkara 637 min manat məbləğində güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2013-cü ildə 59, 2014-cü ildə isə 85 yeni iş yeri açılmışdır.
Ümumilikdə rayon üzrə 2013-cü ildə 220 daimi olmaqla 259, 2014-cü ildə isə 213 daimi olmaqla 328 yeni iş yeri açılmışdır.
2014-cü il ərzində 500 nəfər rayon ərazisində mövsümü təmir-tikinti işlərinə cəlb olunmuşdur.
2014-cü ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 345 manat, dövlət sektorunda isə 355,5 manat təşkil etmişdir.
2014-cü ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 99,9 faiz, xərclər üzrə 96,7 faiz yerinə yetirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edilmişdi.
Çox hörmətli Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən bundan sonra da sürətlə inkişaf edəcəkdir.
Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması Daşkəsən Filizsaflaşdırma müəssisəsinin yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı 45 bənddən ibarət 2014-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiq edilmişdir.
2014-cü ilin iyunun 27-də “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhimdar Cəmiyyəti ilə Belarus Respublikasının “BelAZ” Açıq Səhimdar Cəmiyyəti arasında lizinq və zəmanət müqavilələri imzalanmışdır.
Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili alınmışdır. Həmin maşınlardan dəmir filizi hasilatında istifadə ediləcək , bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz aşağı düşməsinə imkan yaranacaqdır.
Cari ilin mart ayından müəssisədə aparılan təmir-bərpa, yenidənqurma işləri ilə əlaqədar 300 nəfərin işə qəbul olunması nəzərdə tutulur. Bu, rayonda işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini göstərəcəkdir.
Hesabat dövründə Çovdar qızıl zavodu istismara tam hazır vəziyyətə gətirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı böyük hörmətlə bildirmişdir ki, 2014-cü ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etmişlər.
Ali qonaqlar həmin səfər zamanı əsaslı təmir edilmiş Heydər Əliyev Mərkəzində olmuş;
Daşkəsən rayon İcra Hakimiyyətinin yeni inzibati binasının;
Avtovağzal kompleksinin;
Gənclərin təlim və istirahət mərkəzinin açılışlarında iştirak etmişlər.
Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olmuş, onların yaradıb-qurmaq əzmini daha da artırmışdır.
“Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2014-cü il tarixli 790 nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda rayonumuzda mövcud olan problemlərin həlli ilə əlaqədar məktubla müraciətimizə baxılmış, şəxsən cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən Prezident Administrasiyasında, Nazirlər kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə aidiyyəti üzrə tədbirlər görülür. Rayonumuzda sosial-iqtisadi və davamlı inkişaf üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.
2014-cü il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
- Statistika idarəsinin inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir;
- Quşçu qəsəbəsində qəza vəziyyətində olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmışdır;
- S.Vurğun adına 4 saylı şəhər, Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında, Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində Xoşbulaq 2 saylı kitabxanasında, Qazaxyolçular kənd klubunda və Quşçu kənd mədəniyyət evində təmir işləri aparılmışdır.
- Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunmuşdur;
- Daşkəsən şəhərinin girəcəyindən başlamaqla Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına və bəzi küçələrə yeni asfalt örtüyü salınmışdır;
- Şəhərin girəcəyində Mərkəzi Kitabxana əsaslı təmir olunmuşdur;
- Daşkəsən rayonu ərazisində yerləşən 2 ədəd dəmir yolu körpüləri əsaslı təmir olunmuşdur;
- Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyanın tikintisi davam etdirilmişdir;
- Yeni yaradılacaq Kənd Təsərrüfatı idarəsinin inzibati binasının ikintisinə başlanılmış, hazırda da tikinti işləri davam etdirilir.
- Daşkəsən şəhərində küçələrin işıqlandırma sistemi yenidən qurulmuşdur.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılmışdır.
Daşkəsən şəhərində 136-dan artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və hazırda bu işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı daha sonra vurğulamışdır ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait vardır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdir.
“Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır.
Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Məlumdur ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına daimi diqqət və qayğı göstərilir.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2014-cü il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.
Torpaqların hərrac vasitəsilə vətəndaşlara verilməsi üçün rayonda komissiya yaradılmışdır.
Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət etmişdik.
Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, krinimal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki yuxarıda qeyd edildiyi kimi rayonun ərazisində yerləşən yay otlaqları (rayonun inzibati ərazisində mövsud olan 31706 hektar yay otlağının böyük bir hissəsi 27393 hektar olmaqla ətraf rayonlara təhkim edilmişdir) sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü.
Daşkəsən rayonunun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonunun ərazisindən digər rayonların istiafdəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi xahiş olunmuş, məhz çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən məsələyə baxılaraq, müraciət müsbət həll olunmuş, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam vermişdir.
2014-cü ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 803 ailədən qanuna müvafiq olaraq 736 aztəminatlı ailəyə (3060 nəfər ailə üzvünə) ünvanlı Dövlət sosial yardımı təyin olunmuşdur.
Ümumilikdə hesabat ilində aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması sahəsində xeyli işlər görülmüşdür.
Belə ki, pensiya və müavinətlərin bankomatlarla verilməsi üçün Daşkəsən şəhərində bankomatlar quraşdırılmış, hazırda pensiya müavinət alanların hamısının ödənişləri həmin bankomatlardan alınır.
Bu sahədə mövcud vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə bəzi yaşayış məntəqələrində də Quşçu və Xoşbulaq kəndləri ərazisində Beynəlxalq Bankın bankomatlarının quraşdırılması və yaxud rayonda səyyari bankomatların tətbiqinə ehtiyac vardır.
2014-cü ildə rayon üzrə iqtisadi fəal əhali 18 min 819 nəfər olmuş, onlardan məşğul əhali 18 min 154 nəfərdir. 2014-cü ildə əhaliyə xidmət göstərən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində bir sıra işlər görülmüşdür. Bir çox ticarət obyektləri müasir formada yenidən qurulmuş, yeni ticarət obyektləri, yeni məişət kompleksi yaradılmışdır.
2014-cü il ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.
2014-cü il ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı internet xidməti 263 portdan 729 porta çatdırılmışdır.
Hesabat ilində rayon icra hakimiyyətində və Rayon İcra Hakimiyyəti Başçısının Şəhər, Zağalı, Bayan və Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində operativ idarəetmə mərkəzləri yaradılmışdır və bu sahədə əlavə tədbirlər həyata keçirilir.
2014-cü il ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 1 milyon 133 min manatlıq iş görülmüşdür.
3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev digər uğurlardan və nailiyyətlərdən də danışaraq vurğulamışdır ki, Daşkəsən rayonunda enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir. Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Hesabat ilində istehlakçılara 23,9 milyon kvt.saat elektrik enerjisi verilmiş, dəyəri 78,9% (2013-cü ildə 78,4%), əhali qrupu üzrə ödəmə isə 100,4% (2013-cü ildə 100,1%) ödənilmişdir.
Qaz İstismar Sahəsi üzrə 2014-cü il ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 100%, ümumi ödəmə üzrə isə göstərici 95,6% olmuşdur.
Bu sahədə aparılan struktur dəyişikliyi bu sahədəki işlərə müsbət təsir göstərməlidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı narazılığını bildirərək qeyd etmişdir ki, hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin 29 dekabr 2014-cü il tarixli ilə məktubu ilə 2015-ci ildə Daşkəsən rayonunun Xoşbulaq, Qazaxyolçular, Zağalı və Qaraqollar kəndlərinin qazlaşdırılmasının nəzərdə tutulduğu bildirilmişdir.
Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2014-cü il ərzində müəyyən işlər görülmüşdür.
Lakin son vaxtlar havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar şəhər əhalisinə içməli suyun verilməsində bir sıra problemlər yaranmışdır.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün elan olunmuş tender 2014-cü ilin noyabr ayının 12-də başa çatmışdır.
Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
10 iyun 2014-cü il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət güclü dolu və küləklə müşayiət olunan yağan leysan yağışlarının nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəymişdir. Rayonun daxili imkanlar hesabına və Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə bir sıra işlər görülmüşdür.
2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin XI siniflərində 242 şagird təhsil almışdır. Buraxılış imtahanlarından müsbət yekun qiymətlər aldıqları üçün 242 nəfər şagird orta məktəbi müvəffəqiyyətlə başa vurub orta təhsil haqqında attestat almışdır. 45 nəfər Respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Heydər Əliyev mərkəzinə 2014-cü il ərzində kollektiv və fərdi qaydada 6500 nəfər ekskursiyaya gələnlər olmuşdur. Muzeydə komputer və ingilis dili kursları fəaliyyət göstərmiş və il ərzində gənclərin nigah mərasimləri, müxtəlif məzmunda tarix dərsləri və digər tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü ilin fevral ayının 17-dən 01 may 2014-cü il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə təşkil edilmişdir. Həmin tapşırığa əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Bu il Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Təşkilat Komitəsi bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
2014-cü ildə dövrü olaraq Daşkəsən rayon İcra Hakimiyyəti aparatının orqanı olan «Daşkəsən» qəzeti çap edilmişdir. Rayonda ictimai-siyasi işin təşkilində «Daşkəsən» qəzetinin imkanlarından istifadə olunmuşdur.
2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 14 min 282 manat məbləğində vəsait ödənilmişdir.
Rayon İcra Hakimiyyətinin və əlaqədar orqan və təşkilatların yaxından köməklikləri sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi 2014-cü il ərzində 204 nəfər gənci ordu sıralarına yola salmışdır. Beləliklə rayon üzrə həqiqi hərbi xidmətə çağırışın nəzərdə tutulan göstəricisi tam yerinə yetirilmişdir.
Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şahin” hərbi idman oyunu üzrə yarışlar, məktəblilərlə müharibə veteranlarının görüşləri, şagirdlər arasında inşa yazıları, rəsm müsabiqələri, anma mərasimləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə müxtəlif tədbirlər keçirilmişdir.
Hesabat dövrü ərzində, rayonda ictimai əsayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirdi ki, 2014-cü ilin dekabr ayının 23-də Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri keçirilmişdir. Əvvəlki seçkilər kimi bələdiyyə seçkisi də Daşkəsən rayonunda tam demokratik və aşkarlıq şəraitində keçmiş, seçicilərin 46%-i seçkidə iştirak etmiş və öz istədikləri namizədlərə səs vermişlər. Ümumilikdə 19 bələdiyyəyə 145 nəfər bələdiyyə üzvü seçilmişdir. Bələdiyyələrin birinci iclasları keçirilmiş və hər bir bələdiyyə öz sədrlərini seçmişdir. Seçilmiş bələdiyyə sədrlərindən 7 nəfəri qadınlar və 7 nəfəri gənclərdir. Bələdiyyə sədrlərindən 16 nəfəri YAP üzvü, 1 nəfəri Sosial Rifah partiyasının üzvü və 2 nəfəri isə bitərəfdir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 2106 nəfər iştirak etmiş, 194 nəfər çıxış etmişdir. Cəmi 149 təklif irəli sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımı tapşırıqlar verilmişdir.
Ərazilərdə keçirilən hesabat yığıncaqlarında söylənilən fikirlərin, təklif və tənqidi qeydlərin, qaldırılan problemlərin təhlilindən belə nəticəyə gəlmək olur ki, son bir ildə rayonda aparılan iri miqyaslı tikinti və abadlıq işləri, rayonun sosial-iqtisadi inkişafı əhali tərəfindən razılıqla qarşılanmışdır.
Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyari qəbulları ardıcıl olaraq təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2014-cü il ərzində rayon İcra Hakimiyyətinə 707 (əvvlki ilə nisbətən 247 müraciət azalmışdır) yazılı müraciət daxil olmuşdur. O cümlədən 217 (əvvəlki ilə nisbətən 94 ərizə azalmış) ərizə Respublika Prezidentinin Administrasiyasından və 99 ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur. Ərizə və şikayətləri doğuran səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar verilmişdir.
2014-cü il ərzində 53 yaşayış məntəqəsində səyyari qəbul keçirilmiş, 2287 nəfər iştirak etmiş, 329 müraciət olunmuşdur. Səyyari qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Yerlərdə vətəndaşların qəbulunun yüksək səviyyədə təşkili, mövcud problemlərin operativ həll edilməsi, maarifləndirmə, izahat işlərinin genişləndirilməsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələrə tapşırıqlar verilmişdir.
Rayonun sosial-iqtisadi göstəriciləri, səyyari qəbullar, səlnamə barədə obyektiv məlumatların və aidiyyəti üzrə digər məlumatların müəyyən edilmiş forma və qrafikə uyğun olaraq RİAİS sisteminə ötürülməsi təmin olunmuşdur.
Elektron kargüzarlıq sisteminin yaradılması üzrə aidiyyəti üzrə işlər aparılır.
2014-cü ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və təlimatlara uyğun olaraq fəaliyyət göstərmişlər.
Hesabat ilində kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması sahəsində müəyyən işlər görülmüşdür.
Hesabat ilində qadınların və gənclərin işə qəbul edilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti Başçısı Aparatında işçilərin orta yaş səviyyəsi əvvəlki ilə nisbətən aşağı salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı ötən il ərzində də sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionun lider dövləti statusunu xeyli dərəcədə möhkəmləndirmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi. Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq”.
Çıxışımın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bir daha əmin etmək istərdim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü