Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVİD-19 infeksiyası ilə bağlı tətbiq olunmuş karantin dövründə də məşğulluğa və vətəndaşların sosial rifahına dəstək istiqamətində əməli işlər görülür.
Koronavirus pandemiyası çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Çox sevindirici haldır ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir.
Infeksiyaya yoluxma faktı qeydə alınan ilk gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq şəraitində əhalinin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atıb. Başqa bir məqam isə sosial-iqtisadi sahədə atılan addımlarla bağlıdır. Belə ki, Azərbaycanda xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Qəbul edilən qərarlar həm hüquqi bazanın yaradılmasını, həm praktiki müstəvidə zəruri işlərin görülməsini, həm də maddi dəstək tədbirlərini əhatə edir: “Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və artıq bu istiqamətdə addımların atılmasına start verilib. Aprelin 17-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb”.
Görülən bütün bu tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin növbəti bariz təzahürüdür: “Pandemiya dövründə atılan addımlar bir daha sübut etdi ki, Azərbaycan Prezidenti və dövləti hər zaman vətəndaşının yanındadır”.