Misir mətbuatı işğalçı Ermənistanın Azərbaycan ərazilərində məhv etdiyi tarixi və dini abidələrin fotoşəkillərini yayıb
Misirin media orqanları Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etməsi barədə fikirlərini və həmin abidələrin fotoşəkillərini yayıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyi tərəfindən təqdim edilmiş fotoşəkillər geniş oxucu auditoriyasına malik "Qalyubiyenews”, "Alwataanemag”, "Egyptnewsonline”, "Rayetmisr”, "Aldiplomasy”, "Ta7iamasr” kimi informasiya portallarında dərc olunub.
Fotoreportajın mətnində qeyd olunub ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən, 1 milyondan çox insanı öz doğma evlərindən didərgin salan, Xocalıda soyqırımı törədən Ermənistan həmin torpaqlarda qədim məscid və kilsələri, tarixi-dini abidələri məhv edib. Vurğulanıb ki, Azərbaycan xalqının qədim maddi mədəni irs nümunələrinə qarşı təxribat aktları Ermənistan rəhbərliyinin birbaşa göstərişi ilə həyata keçirilib. Bütün bunlar göstərir ki, rəsmi Yerevanın İslam dövlətləri ilə əməkdaşlığa dair bəyanatları absurddur.