Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün ¬etnik qrupların nümayəndələri bir ailə kimi sülh, ¬mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların ¬arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan müsəlman dövlətlərinin həssas münasibəti və dəstəyini qazana biləcəyinə baxmayaraq, Ermənistan ilə arasındakı Dağlıq Qarabağ problemini müsəlman-xristian münaqişəsinə çevirməmişdir. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları - ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri vardır.
Ermənistanla müharibədə 25 min şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir.
Azərbaycanda olan dinlərarası əlaqələr tolerantlığın əhatəsində, əsrlərdən bəri formalaşan köklü bir ənənə, qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur.
Lakin tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri təbii-tarixi dəyər kimi formalaşsa da sistemli olmamışdır. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilmişdir. Bu həyat tərzinin düzgün qiymətləndirilərək, hüquqi və siyasi müstəvidə öz yerini tapması isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər rəhbərliyi və müstəsna səyləri ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətti son 16 ildə böyük rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev inamla davam və inkişaf etdirir.
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.
2019-cu ilin mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ALEKSANDR çıxış edərək demişdir:
“Bizim iştirak etdiyimiz bu iftar süfrəsi də ölkədə sabitliyin, xalq-iqtidar birliyinin, dinlərarası dialoqun yüksək səviyyəsinin və multikulturalizmin Azərbaycan modelinin uğurunun parlaq təsdiqi, cəmiyyətin inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunun dəyişməzliyinin sübutudur. Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai, elmi və mədəni həyatı bu məcrada inkişaf edir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi, bu il 15 illiyini qeyd etdiyimiz Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab Prezidentlə birlikdə din xadimlərinin, hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, respublikada akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin iştirak etdikləri bugünkü iftar mərasimi də dini həyatın vəziyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu, tolerantlıq ruhunun və ölkəmizin rəhbərliyinin yürütdüyü multikulturalizm siyasətinin çox güclü təzahürüdür.”
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir FEKETE çıxış edərək dedi:
Hörmətli cənab Prezident, mən Azərbaycan katolikləri adından bu dövlətin başçısı kimi Sizə təşəkkürümü bildirmək istəyirəm. Burada və digər yerlərdə dəfələrlə səsləndiyi kimi, Siz bütün bəşəriyyətə çox böyük töhfə verən tolerantlıq və multikulturalizm proseslərinin qarantısınız. Sizin rəhbərliyinizlə həyata keçirilən bu siyasət həm ölkəmizdə uğurla inkişaf edir, həm də bütün dünyada müsbət əks-səda doğurur.
Bu ilin fevralında Papa Fransisk Əbu-Dabiyə səfərə gəlmişdi. Bu səfərin ən mühüm hadisələrindən biri bəşəri qardaşlıq haqqında sənədin imzalanması oldu. Həmin sənəddə Papa və “Əl-Əhzar”ın ali imamı əl-Tayib birlikdə bütün insanları qardaş olmağa, bir-birinə hörmət etməyə çağırdıqlarını bəyan edirlər. Sənəddə deyilir: “Bizim zəmanəmizdə bəziləri dinə münaqişə mənbəyi kimi baxır. Biz birlikdə İslamla Xristianlıq arasında görüşün mümkünlüyünün daha bir aydın və qəti nümunəsini göstərdik. Göstərdik ki, bütün mədəni müxtəlifliyə və ənənələrin fərqliliyinə baxmayaraq, Xristian dünyası ilə İslam dünyası arasında hörmət və dialoq mümkündür. Həm Xristian dünyası, həm də İslam dünyası ümumi dəyərləri - həyatı, ailəni, dini hissləri, böyüklərə ehtiramı, gənclərin tərbiyəsini və s. dəyərləndirir və qoruyur”.
Müasir dövrdə informasiya müharibəsi şəraitində bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.