KİV sahəsində qanunvericilik bazası yenilənməli və təkmilləşdirilməlidir
Milli təhlükəsizliyin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Xüsusilə də, internet resurslarından istifadənin qlobal xarakter aldığı – geniş yayıldığı, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması strateji vəzifələrdən biri kimi çıxış edir. Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn addımların atılması vacib amilə çevrilir. Belə bir şəraitdə, heç şübhəsiz, transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər platformalarda münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olduqca mühüm məsələlər sırasında yer alır.
Təbii ki, biz ayrı-ayrı ölkələrin nümunəsində bu istiqamətdə müxtəlif təşəbbüslərin irəli sürülməsini və addımların atılmasını müşahidə edirik. “Twitter”,“Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə ictimai rəyi istədikləri istiqamətdə formalaşdırmağa çalışır, xüsusilə də fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər. Bu sosial şəbəkələrdə açıq şəkildə siyasi qərəz nümayiş etdirilir, başqa ölkələrin “siyasi alət”i kimi çıxış edir və onların anti-milli siyasətini dəstəkləyir, informasiya təxribatları ilə məşğul olurlar. Bununla yanaşı, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Eyni zamanda, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar söz azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər.
Sosial şəbəkələrdə bəzi qərəzli müxalif ünsürlər informasiya xaosu yaratmaq istəyirlər. Ona görə də sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək üçün yeni qanunun qəbul edilməsi zəruri və vacibdir.
Onlayn platformalarda fəaliyyətin hüquqi tənzimlənməsi zərurətdir. Sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik sferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır.
Əlbəttə, bu istiqamətdə beynəlxalq təcrübə mövcuddur. Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Önə çəkilən və xüsusilə diqqətə çatdırılan məqam ondan ibarətdir ki, sosial şəbəkələr barədə universal normativ standartlar mövcud deyil, bu səbəbdən burada feyk məlumatlar sərhədsiz olaraq – heç bir maneəyə məruz qalmadan geniş yayılır. Üstəlik, qeyd etdiyimiz kimi, zərərli informasiyalar sırasında mənəvi-əxlaqi dəyərələrə zidd materiallar, terrora, zorakılığa çağırışlar xüsusi yer tutur. Eyni zamanda, sərhədsizlik və hüquqi tənzimləmə mexanizmlərinin olmaması qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.
Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması qlobal xarakterli aktual məsələdir
Məsələ ondadır ki, sosial şəbəkələrdə bəzi qanunsuz fəaliyyət dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oynayır. Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi-siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur. Eyni zamanda, anti-Azərbaycan dairələr sosial şəbəkələrdən, onlayn platformalardan istifadə edərək ölkəmizə qarşı qərəzli informasiyalar yayır, “qara piar” kampaniyası aparır. Hətta terror çağırışları bu sırada xüsusilə nəzərə çarpır.
Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir
Artıq beynəlxalq miqyasda və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdır. Şübhəsiz ki, sosial media və şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır, bu səbəbdən hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır.
Bütün hallarda, internet azadlığının heç bir halda digər azadlıqları məhdudlaşdırmamalı olduğu nəzərə alınaraq onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmələrin həyata keçirilməsi labüddür. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı intensiv müzakirələr aparılır, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr edilir, yeni qanunların qəbulunun gündəmdə olduğu nəzərə çarpır. Təbii ki, qlobal xarakter və məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan da prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini vermək üçün müvafiq addımlar atmalıdır.