Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 sentyabr 2020 | 16:00

Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.
Dərin qədirbilənlik hissi ilə xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki  tarixi dönəmdə təhsilin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənilib hazırlanmış, onun uğurla həyata keçirilməsi təmin edilmişdır. Azərbaycan təhsilinin son yarım əsrdə qazandığı böyük uğurlar məhz ulu öndərin adı ilə bağlıdır. 
Sevindirici haldır ki, dahi şəxsiyyətin bu mühüm, taleyüklü sahədəki müdrik siyasəti onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Bu məqamda sadəcə bir parlaq faktı qeyd etmək istərdik. Son 15 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə üç mindən çox məktəb binası tikilib və əsaslı təmir olunub.
Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç yerində belə bir qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib. Üstəlik, bu məktəblərin hər biri internetlə, digər müasir tenologiyalar, yeni tədris avadanlıqları və ləvazimatlarla təchiz olunub.
Azərbaycan məktəbi bu gün həm də məzmunca da yeniləşir, modernləşir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır.
Bu il sentyabrın 14-də ¬Prezident İlham Əliyev Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışında çıxış edərək, Azərbaycanda təhsil sahəsində görülən uğurlu işlərdən geniş bəhs etmiş, ölkəmizin təhsil ictimaiyyəti qarşısında duran mühüm vəzifələri müəyyənləşdirmişdir. 
Dövlətimizin başçısı haqlı olaraq qeyd etmişdir ki,  son illər Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Təkcə bu il Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, paytaxt məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Təmirə ehtiyacı olan məktəblərdə isə bu xeyirxah iş ən yaxın vaxtlarda həyata keçiriləcək.
Azərbaycan Prezidenti çıxışında sonra demişdir: “Ölkəmizdə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək”.
Lakin ən yaxşı məktəblər, ən modern texnologiyalar bu sahəni irəli aparmağı bacaran bilikli, səriştəli mütəxəssislər olmadan özlüyündə bir heçdir. Xoşbəxtlikdən, dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycanın təhsil sistemində bu gün elmə, təhsilə bütün qəlbi, ruhu ilə bağlı yüksək səriştəli təhsil işçiləri, pedaqoji kadrlar yetişdirilərək formalaşdırılıb.  
Azərbaycan təhsili hər zaman öz fədakar, yüksək səriştəli pedaqoqları ilə seçilib. Bu gün ölkəmizdə aparılan uğurlu təhsil islahatlarının nəticəsi olaraq cəmiyyətdə müəllim peşəsinin hörmət və nüfuzu artır. 
Azərbaycan Prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycanda son illər müəllim olmaq istəyənlərin sayı ilbəil artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Məsələn, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həll ¬olunduğunu göstərir.
Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu sahədə təhsilin, ölkəmizin fədakar müəllim ordusunun rolu böyükdür.
Azərbaycan məktəbi çalışır ki, gənclərimiz xalqımızın millli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə alaraq böyüsünlər. Çünki Vətənimizin, müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim -tərbiyəsindən asılıdır. Gənclərimizin qarşısında dövlətimizi, xalqımızı daha da irəli aparmaq, Azərbaycanın istiqlal və istiqbalını gücləndirmək kimi şərəfli vəzifələr dayanır.
Azərbaycan Prezidentinin 28 nömrəli məktəbdəki çıxışı  proqram xarakterli çıxışdır. Prezident İlham Əliyev gənclərə xitabən demişdir: “Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq”.
Bu gün Azərbaycan dövlətinin, şəxsən müdrik Prezidentimiz İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdəir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir. 
Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.

Keçidlər