Əli Əhmədov: Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib.
“Müxalifətin radikal qanadı düşdüyü siyasi komadan Tofiq Yaqublu "faktoru” vasitəsilə çıxmağa çalışır. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir”.
Bu fikri Baş nazirin müavini, hakim partiyanın sədr müavini-icra katibi Əli Əhmədov 15 gündür aclıq aksiyası keçirən müsavatçı, Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında yazıb.
Öz "Facebook” səhifəsində düşüncələrini paylaşan Əli Əhmədov hesab edir ki, müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu "faktoru” vasitəsilə çıxmağa çalışır:
"Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır”.
Əli Əhmədov bildirib ki, dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir: "Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır”.
YAP sədrinin müavinin qənaətincə, insanın həyatını siyasətə qurban vermək siyasətin əxlaqi mahiyyətindən məhrum edilməsidir.
Əli Əhmədov Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmünə toxunub: "Tofiq Yaqublunun hökmdən narazı qalmasına gəlincə, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltmək məqsədilə faydalanmağa çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq”.
Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib.
Tofiq Yaqublunun həkiminin istədiyi xəstəxanaya yerləşdirilməsi dövlət tərəfindən humanistlik nümunəsidir.
T.Yaqublu daim həkim nəzarəti altındadır və dövlət onun səhhətində problem yaşanmaması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir.
Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri “City Hospital”da Tofiq Yaqubluya baş çəkib, onun səhhəti ilə maraqlanıblar.
Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin T.Yaqublu ilə görüşünə şərait yaradılıb.
Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi halda, ölkədə və xaricdəki bəzi siyasi qüvvələr T.Yaqublunun səhhətindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.
Xaricdə oturub Azərbaycanda iğtişaş və qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr üçün vacib olan Yaqublunun sağlamlığı və həyatı yox, qazanmaq istədikləri siyasi dividentdir.
Bu qüvvələrin istəyi Yaqublunun həyatını siyasi alver predmetinə çevirməklə Azərbaycanı hədəf göstərmək, ölkəni mümkün qədər çox imic itkisinə məruz qoymaqdır.
Bu şəxslərin niyyətini bu gün T.Yaqublunun ətrafında olan yaxınları da anlamağa başlayıb. Adil Qeybulla MeydanTV-yə müsahibəsində açıq şəkildə bildirib ki, “bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”.
Adil Qeybullanın “Musavat TV”yə müsahibəsində demişdir: “Sevinc Osmanqızı verilişində çıxış edənləri də yönləndirir bu istiqamətə ki, şou yaratsın. Oraya yığışan adamlar, Arif Məmmədov, Amerikadakı Aleks - bütün enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aclığı davam etdirsin”.
Real Partiyasının sədri İlqar Məmmədov: “ Daha bir fəalın həyatını xərcləyib üzərindən siyasət qurmaq istəyənlərin xidmətində duran Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (Ələsgər) Raufoğlu - bu millətə norma kimi sırımaq istədiyiniz vicdansızlıqla, eləcə də sistemli və sistemsiz yalanlarınızla birgə rədd olun, necə ki olunmusunuz”.
Neftin qiymətinin düşməsinə sevinənlər, koronavirus pandemiyası şəraitində ölkədə iqtisadi vəziyyətin psiləşməsini arzulayanlar indi də insan həyatını vasitə kimi görür və öz iddialarını gerçəkləşdirmək üçün istənilən rəzilliyə hazır olduqlarını aydın nümayiş etdirirlər.