Koronavirus pandemiyası - yumşalma tədbirləri infeksiyanın yayılmasına səbəb olur
Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirilən müşavirədə COVID-19 virusuna qarşı görülən işləri yüksək qiymətləndirərək, bildirib ki, əldə edilən nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması vətəndaşlarda arxayınlıq yaratmamalıdır. Karantin rejimi də insanları belə bir qorxulu xəstəlikdən qorumaq və onları bu vəziyyətdən az itkilərlə çıxarmaq məqsədi daşıyır: “İndiyədək biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi, məhz, çox düzgün atılmış addımlardır”.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda virusun ilk üzə çıxdığı vaxtdan etibarən görülən effektiv tədbirlər, atılan operativ addımlar infeksiyanı nəzarət olunan səviyyədə saxlamağa imkan verib. Başqa sözlə, ölkə rəhbərinin birbaşa rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü iş COVID-19-un yayılmasını məhdudlaşdırıb, virusa kütləvi yoluxmanın qarşısını alıb.
Yoluxma səviyyəsində müsbət dinamika tendensiya halına keçib. Buna görə də sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə yumşaldılmalara başlanılıb.
Bütün bu yumşaldılmalar vətəndaşların qaydalara əməl etməmələrinə heç də əsas vermir. Bununla əlaqədar Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib: “Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir…”
Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın məlumatlarında da bir qayda olaraq əhalini sosial məsafə, maska və gigiyena şərtlərinə maksimum əməl etməyə çağırılır. Hazırda vaksinlə bağlı müəyyən uğurlu addımlar atılsa da, onun real tətbiqi yaxın bir neçə ayda gözlənilmir.
Mütəxəssislərin də bildirdiyi kimi, yeni tip koronavirus heç bir müalicəyə tabe olmur, fürsət düşən kimi aqressivliyini artıraraq yoluxma arealını sürətlə genişləndirir. Sərt karantin rejimi sayəsində bu virus müəyyən qədər nəzarət altına alınsa da, yumşalmalarla bərabər yenidən alovlanır. Buna isə əhalinin yumşalmanı COVID-19-un yox olması kimi başa düşərək pandemiyadan əvvəlki həyat şərtlərinə uyğun davranması səbəb olur. Nəticədə yenidən sərt karantin rejiminin tətbiqinə ciddi zərurət yaranır.
Qarşıdan payız ayları gəlir. Mütəxəssislərin fikrincə, bu dövrdə COVID-lə əlaqəsi olmadan da virus xəstəliklərinin artmı nəzərə çarpır. Belə ki, insan bədənində bəzi bioloji dəyişikliklər payızda olduğuna görə, istidən soyuğa ani keçid, eləcə də təbiətin özünəməxsus xüsusiyyətləri nəzərə alındığı zaman həmin vaxt alovlanmanın yenidən baş verməsi həm dünya ekspertləri, Ümumdünya Səhiyyə Təşkilatı, həm də bu sahədə fəaliyyət göstərən tibb mütəxəssisləri tərəfindən ehtimal edilir. Ona görə də Azərbaycanda bu məsələ xüsusilə diqqətdə saxlanılmalıdır.
İndi yaşadığımız dövr üçün onu deyə bilərik ki, son iki ay ərzində Azərbaycan böyük bir dalğa ilə üz-üzə idi. Hazırda həmin dalğa nisbətən səngimiş və sönmüş vəziyyətdədir.
İnfeksion xəstəliklərdə iki virusun eyni anda orqanizmdə problem yaratmasına dair məlumat yoxdur. Adətən payız mövsümündə, xüsusilə oktyabr-noyabr aylarında virus xəstəliklərində alovlanma olur. Həmin mövsümdə bir nəfər yoluxanda bəzən onun ailə üzvlərinin hamısı növbəli şəkildə infeksiyaya yoluxsa da, qorxu hissi keçirmirdik. COVID-19 virusa, yuxarı tənəffüs yolları xəstəliklərinə olan ənənəvi baxışı tamamilə dəyişdi, real ölüm təhlükəsi yaratdı. Bunun xəstəxanalara axına səbəb olmaqla yanaşı, tibb müəssisələrinin işləmə mexanizmi və səhiyyə sistemlərinə böyük zərər vurmaq ehtimalı var.
ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Kluge hesab edir ki, ölkələr bu gün virusun necə yayılması barədə daha geniş məlumata malikdir. Lakin payızın yaxınlaşması səbəbindən insanlar öz vaxtlarını daha çox qapalı, habelə tünlük, yüksəkdən danışılan, mahnı oxunan, havalandırma sisteminin zəif işlədiyi yerlərdə keçirməli olurlar. Bütün bunlar isə əlavə problemlər yaradır. Ona görə də zəruri sanitariya–gigiyena şəraitinin təmin edilməsi və sosial məsafəyə riayət olunması əsas tədbirlər sırasına daxildir.
Təcrübə göstərir ki, milli səviyyədə bir çox tədbirlər ardıcıl olaraq həyata keçirilməlidir. Bunların sırasına genişmiqyaslı testləşdirilmə, ¬COVID-19-a yoluxma şübhəsi olan insanların təcrid edilməsi, onlarla təmasda olanların müəyyənləşdirilməsi və karantinə yerləşdirilməsi daxildir. Kütləvi və məqsədyönlü tədbirləri birləşdirməklə lokal yoluxmaların qarşısını almaq olar: “Biz bununla da virusa nəzarət edə, iqtisadiyyatı inkişaf yoluna çıxara və təhsil sistemlərinin fəaliyyətini təmin edə bilərik”.
Payız-qış aylarında xəstəliyin daha yüksək həddə çata biləcəyi ehtimalı və buna görə də hər kəsin virusla mübarizədə məsuliyyət hissini daha da artırmalıyıq .
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatına görə, payız-qış aylarında xəstəlik daha yüksək həddə çata bilər. Yeni bir dalğanın yayılması təhlükəsi də var. Lakin bu, bir faktdır ki, qapalı məkanlarda xəstəliyin yayılma ehtimalı daha yüksək olur. Hava soyuyanda insanlar qapalı məkanlarda olduğundan ara məsafəsi minimuma enir, təmas çoxalır.
Bu baxımdan payız-qış ayları hər zaman riskli sayılır. Ona görə də yoluxma sayının azalmağa doğru getməsi qətiyyən rahatlıq yaratmamalı və necə deyərlər, kəmərlər boşaldılmamalıdır, çünki yoluxma sayının yenidən artması xəstəxanalarda sıxlığın yaranmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə aparıb çıxarar. İndiki halda ən mühüm vəzifə yoluxma hallarını minimuma endirməkdən ibarətdir.