BMT-də sözümüzü deyəcəyimiz sessiyaya Volkan Bozkır sədrlik edəcək
Sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci- yubiley sessiyası öz işinə başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək. Pandemiya səbəbindən ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.
Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyevin çıxışı isə sentyabrın 24-də yayımlanacaq. 75-ci sessiyanın gündəliyində COVİD-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer almışdır. Bu məsələlər arasında ölkəmiz üçün ən önəmli olan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənd də var.
Bu sessiyanın həm Türkiyə, həm də Azərbaycan üçün xüsusi özəlliyi də var. Çünki sessiya ərəfəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən türk diplomat Volkan Bozkır vəzifəsinin icrasına başlayıb.
Bozkır BMT Baş Məclisindəki çıxışında yeni növ koronavirus pandemiyasının BMT-nin 75-ci Baş Məclisi üçün hazırlanan planları dəyişdiyini bildirərək "bu gün maskalarımız bizə qarşı-qarşıya olduğumuz çox ciddi bir təhdidi, itirdiklərimizi,öhdəsindən gəlməli olduğumuz problemləri və hamımızın eyni gəmidə olduğumuzu xatırladır" deyib. Qlobal böhran olan pandemiyaya qarşı həmrəylik, əməkdaşlıq və beynəlxalq qurumlara inamı gücləndirmə mesajı verən Bozkır “Heç bir ölkə bu pandemiyanı təkbaşına məğlub edə bilməz. Sosial məsafə beynəlxalq səviyyədə kömək etməyəcəkdir. Birtərəfli addımlar yalnız pandemiyanı gücləndirir və bizi ümumi hədəfimizdən yayındırır. Belə böhran anlarında BMT-nin mərkəzdə olduğu çoxtərəfli əməkdaşlığa və beynəlxalq qurumlara inamı gücləndirmək ümumi məsuliyyətimizdir" deyə, o bildirib.
İyun ayında Baş Məclisdə 178 ölkənin dəstəyi ilə Türkiyədən BMT-nin Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən ilk türk diplomat Volkan Bozkır 2021-ci il sentyabr ayına qədər bu vəzifəni davam etdirəcək.
V.Bozkır bu vəzifəyə seçildikdən sonra Prezident İlham Əliyev V.Bozkıra təbrik məktubları göndərib.
Azərbaycan Respublikasının Prezident İlham Əliyev V.Bozkıra ünvanladığı məktubda Azərbaycanın həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı dönəm sədri kimi qardaş ölkənin yüksək vəzifəyə seçilmiş diplomatı ilə yaxından əməkdaşlıq etməyə, əlaqələri hərtərəfli genişləndirməyə hazır olduğunu bildirib.
Mövcud təcrübəyə əsasən adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq V.Bozkırın xüsusi sessiyanın sədri seçilməsi məsələsini səsverməyə çıxarmışdır. Daha öncə Ermənistan V.Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarmış və məğlub olmuşdur. İndi də Ermənistan növbəti dəfə məğlubiyyətə uğramışdır. Nəticədə böyük səs çoxluğu ilə V.Bozkır xüsusi sessiyanın prezidenti vəzifəsinə seçilmişdir.
Hazırda Nyu-Yorkda xüsusi sessiyanın keçirilmə qaydaları və təşkilatı məsələlərinə dair qətnamə layihəsi ilə bağlı BMT üzv dövlətləri arasında qızğın müzakirələr davam edir. Qətnamə layihəsində xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrininilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunub. Lakin yekun tarix dövlətlər arasında gedən müzakirələrin nəticəsindən asılı olacaq.
Ermənistan bu məsələdə də öz çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir.
Bütün dünya öz diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla məşğuldur. Əlbəttə beynəlxalq ictimaiyyət, BMT üzv dövlətləri də bunu yaxşı başa düşür. Bu yalnız istehza doğurur və nəticədə Ermənistan özünü növbəti dəfə çox gülünc bir vəziyyətə qoymuş olur.
Azərbaycan inanır ki, onun sədrliyi dövründə BMT Baş Assambleyası təşkilat qarşısında duran önəmli qlobal məsələlərin həllinə öz töhfəsini verəcək və bu dövr BMT Baş Assambleyasının tarixinə uğurlu səhifə kimi yazılacaqdır. Əminik ki, siyasi və diplomatik fəaliyyətdə olan böyük bilik və təcrübəsi V.Bozkıra bu çətin dönəmdə 75-ci sessiyaya uğurla və inamla sədrlik etməyə və ciddi nəticələr əldə etməyə kömək edəcək.