Möhtəşəm zəfər: Türkiyə-Azərbaycan qardaşlığının təntənəsi, yaxud tariximizin şanlı qəhrəmanlıq salnaməsi
Möhtəşəm zəfər: Türkiyə-Azərbaycan qardaşlığının
təntənəsi, yaxud tariximizin şanlı qəhrəmanlıq salnaməsi
1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən azad edib.
Tarix Azərbaycan və Türkiyənin çoxsaylı dostluq, qardaşlıq və həmrəylik nümunələrinə şahidlik edib. Belə qürur və iftixar dolu anlar Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifələrini təşkil edir. Bu cür tarixi anlardan biri də 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən azad etməsidir. Beləliklə, xalqımız öz şanlı tarixinin qürur dolu və parlaq səhifələrindən birini - 1918-ci ilin 15 sentyabrında Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 102-ci ildönümü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir.
Azərbaycan ərazilərinin erməni-bolşevik işğalından azad edilməsi prosesinə Gəncədən başlandı.
Məlum olduğu kimi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) öz müstəqilliyini elan etməsindən sonra Azərbaycanla Osmanlı Türkiyəsi arasında Batumda 4 iyun 1918-ci il tarixində strateji əhəmiyyət kəsb edən mühüm bir müqavilə imzalandı. Bundan sonra Nuru Paşanın rəhbərliyi ilə V Qafqaz diviziyası Gəncəyə gələrək Azərbaycan ordusunun quruculuğunda iştirak etməyə başladı. V Qafqaz diviziyası ilə o vaxt Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən Müsəlman Korpusu Qafqaz İslam Ordusu adı altında birləşdi və bəhs olunan silahlı birləşmələr Azərbaycanın istiqlaliyyəti və suverenliyinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərməyə başladı.
Əlbəttə ki, bu ordunun qarşısında duran ilk hədəf Gəncədəki ermənilərin tərk-silah edilməsi idi. Bəllidir ki, Gəncədə məskunlaşmış ermənilər separatist fəaliyyətlə məşğul idilər və müxtəlif qruplaşmalar formalaşdırmaqla təxribat törətmək məqsədi əsasında hərəkət edirdilər. Buna baxmayaraq, nizamlı və planlı tədbirlər sayəsində Gəncədəki ermənilərin tərk-silah edilməsi mümkün oldu. Başqa sözlə, Azərbaycan ərazilərinin erməni-bolşevik işğalından azad edilməsinə Gəncədən başlanıldı. Tezliklə bir neçə şəhər - inzibati ərazi vahidi (Göyçay, Ağsu, Kürdəmir, Şamaxı) azad edildi. Artıq qarşıda müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Bakının azad edilməsi hədəfi dayanırdı.
102 il əvvəl Bakı erməni-bolşevik qüvvələrinin işğalından azad edildi
Qeyd etmək lazımdır ki, strateji əhəmiyyətinə görə dövrün güc mərkəzlərinin marağında və diqqət mərkəzində olan Bakının azad edilməsi heç də asan deyildi. Həmin dövrdə Bakının əhəmiyyəti xeyli artmışdı, çünki o zaman dünya neftinin 50 faizi Bakıda çıxarılırdı. Şimaldan bolşeviklər, cənubdan ingilislər Bakıya can atırdılar.
Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə Bakını azad etməsi o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub.
Nəticə etibarilə, 15 sentyabr Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Bu tarix, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini aydın əks etdirir. Bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, azərbaycanlılar da Türkiyənin ən çətin tarixi anlarında özünün qardaşlıq dəstəyini və həmrəyliyini göstərmişdir. Məsələn, azərbaycanlılar müstəqil olaraq Osmanlı ərazilərinə keçib, Çanaqqalada öz qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Bununla bağlı çox dəqiq arxiv materialları mövcuddur. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyulmasına baxmayaraq, azərbaycanlılar qardaş Türkiyənin istiqlal savaşında yaxından iştirak etdilər.
Dərin tarixi köklərə əsaslanan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır!
Azərbaycan xalqı onun istiqlalı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ehtiramını layiqincə ifadə edir. Daha dəqiq desək, qədirbilən Azərbaycan xalqı Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun bu köməyini heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini uca tutur. Bu gün türk xalqlarının mədəni-mənəvi inteqrasiyasının daha da dərinləşdirilməsini, türk tarixinin obyektiv araşdırılmasını başlıca vəzifə elan etmiş müvafiq strukturlar türkün şanlı zəfər salnaməsinə parlaq səhifə kimi daxil olmuş həmin hadisələrin - Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun Azərbaycanda 102 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirməkdədirlər. Beləliklə, tariximizin ən şanlı səhifələrindən olan bu möhtəşəm zəfər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi və təntənəsi, qürur və iftixar mənbəyidir.
İki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlər dinamik xarakter daşıyır və uğurla inkişaf edir
2018-ci ildə Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş, Prezident İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etdiyi möhtəşəm parad xalqlarımızın, dövlətlərimizin birliyimizin bariz nümunəsi kimi tarixi yaddaşımıza əbədi həkk olundu. Ümumiyyətlə, iki ölkə arasında hərbi əməkdaşlıq bu gün uğurla davam edir. Hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlimlər keçirilir.
Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Daha dəqiq desək, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər.Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribatçı hərəkətləri fonunda baş vermiş hadisələr zamanı da bu reallıq bir daha öz əksini tapdı. Qardaş Türkiyənin dövlət rəsmiləri Azərbaycanın haqlı və ədalətli mövqeyinə növbəti dəfə qətiyyətli dəstək ifadə etdilər. Eyni zamanda, Milli Müdafiə naziri Hulusi Akar bu yaxınlarda Prezident İlham Əliyevlə görüşündə Tovuz hadisələri kontekstində bildirdi ki, Türkiyədə 83 milyonluq xalqın nəbzi Azərbaycan ilə döyünür: “Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik”.
Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.