Daşkəsən rayonunda 20 Yanvar Milli Hüzn günü ilə bağlı tədbirlər davam edir.
Daşkəsən rayonunda 20 Yanvar Milli Hüzn günü ilə bağlı tədbirlər davam edir.
Bu gün Daşkəsən şəhər 3 saylı Körpələr evi və Uşaq bağçasında da balaca fidanların Milli Hüzn gününə aid hazırladığı bədii kompozisiya xoş anlarla yadda qaldı.
Məktəbəqədər tərbiyə müəssisəsinin kollektivi başda direktor Mehriban xanım Rüstəmova olmaqla körpələrə daim bir şəxsiyyət kimi yanaşır, onların sağlam, milli ruhda, savadlı və əsl vətəndaş kimi böyümələri üçün əllərindən gələni edirlər.
Belə tədbirlərdən biri də bu gün xalqımızın ağrılı-acılı gününə həsr olunmuşdur.
Daşkəsən şəhər 3 saylı Körpələr evi və Uşaq bağçasının direktoru Mehriban xanım Rüstəmova əvvəlcə körpələrə bu qanlı gecə haqqında məlumat verdi. Bildirdi ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Sonra 20 Yanvara həsr olunmuş guşənin qarşısında əli silahlı balaca əsgərlərin, başı qara yaylıqla bağlanmış qızların ifasında şeirlər söylənildi, səhnəciklər göstərildi.
Sonda bu faciəni torədənlərə bir daha öz nifrətlərini bildirib, bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər.