Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Təhsilin keyfiyyətinin artırılması yeni nailiyyətlərin qazanılmasına imkan verəcək

14 sentyabr 2020 | 16:00

Bu gün ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərində başqa əhvali-ruhiyyə yaşanır. Nəhayət ki, insanları ölümlə təhdid edən COVID-19 pandemiyasının üzücü günlərinin nisbətən yüngülləşdiyi bir ərəfədə yeni dərs ilinin başlanmasına icazə verilmişdir. Nəhayət ki, 7-8 aylıq ayrılıqdan sonra orta məktəblərdən tutmuş kollec, texnikum, institut və universitetlər müəyyən qaydalar tətbiq edilməklə qapılarını gənclərin üzünə açmışdır. Yeni dərs ilinin başlanmasına bəlkə də hamıdan çox sevinənlər ilk dəfə məktəbə qədəm qoyan fidan balalar - birincilərdir. Xatırladaq ki, bu gün Azərbaycanda 165 min 511 nəfərdən çox uşaq I sinfə gedəcək.
Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün həm həyəcanlı, həm də əlamətdar bir gündür. Onlar əlifba ilə tanış olub ilk zəngin sədası ilə məktəb həyatına qədəm qoyacaqlar. Hazırda ölkəmizin bölgələrində 47 məktəb binası şagirdlərin istifadəsinə verilib ki, onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü modul tiplidir.
Son illərdə Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin ugurlu davamının göstəricisidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğı dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Ölkəmizin bütün bölgələrində beynəlxalq standartlara cavab verən yeni məktəb binaları tikilir, günün tələblərinə cavab verən ixtisaslara uyğun ali təsil ocaqları yaradılır. Ənənəyə uyğun olaraq sentyabrın birinci ongünlüyündə dövlət başçısı Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, təhsil müəssisəsinin yeni korpusunun açılışında iştirak edib. Bu məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Böyük sıxlıq müşahidə edilirdi. Şagirdlərin təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Artıq bu problem aradan qaldırılıb. Dördmərtəbəli yeni korpusda kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, hərbi kabinet, kitabxana, oxu zalı və yardımçı otaqlar bu bayram günündə məktəblilərin zövqüncədir. Bütün otaqlar elektron vasitələrlə və proyektorlarla təchiz olunub. Xatırladaq ki, Bakı məktəbliləri arasında bu təhsil ocağının şagirdləri uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada və Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.
Koronavirus infeksiyasının tüğyan etdiyi bir şəraitdə Yardımlı rayonunun Şıxlar və Bilnə kəndlərində modul tipli yeni məktəb binaları şagirdlərin və pedaqoji kollektivin istifadəsinə verilib. Yeni dərs ilindən Şıxlar kəndindən 80, Bilnə kəndindən 40 şagird rahat və hər cür şəraiti olan dərs otaqlarında təhsillərini davam etdirəcəklər. Qeyd edək ki, yaxın vaxtlarda Cəlilabad, Masallı və Yardımlının ucqar kəndlərində daha 15 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə indiyədək respublikamızın 45 bölgəsində, ümumilikdə, 293-dən çox modul tipli məktəb quraşdırılıb. Cari ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək. Beləliklə, modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə, ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatan məktəblərin problemi tamamilə aradan qaldırılacaq.
Tədris ilinin ilk günündə bu kimi misalların, yeniliklərin, uğurların sayını kifayət qədər artırmaq olar. Xüsusi vurğulanmalıdır ki, günün tələblərinə cavab verən orta məktəb binalarının inşası, bu sahədə infrastrukturun tamamilə yenilənməsi, Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğı prioritet istiqamətlərdəndir.
Ölkəmizdə ali təhsil müəssisələrinin inkişafına, maddi-texniki bazasının genişləndirilməsinə də xüsusi diqqət yetirilr. Sentyabrın əvvəllərində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ADA Universitetinin iki yeni korpusunun, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonunda yerləşən yenidən inşa olunan 3 saylı tədris korpusunun açılışında iştirakı buna bariz nümunədir.
İstifadəsi mümkün olmayan sinif otaqlarının cari və ya əsaslı təmiri, günün tələblərinə cavab verən orta məktəb binalarının tikilməsi, bölgələrdə, ən ucqar kəndlərdə belə yaradılan modul tipli məktəblərin, eləcə də ölkə iqtisadiyyatı üçün vacib sahələr üzrə kadrlar hazırlanacaq ali təhsil müəssisələrinin vacibliyi daim gündəmdədir.
Azərbaycanın bütün bölgələrində istər orta məktəblərdə, istərsə də universitetlərdə təhsilin dünya standartlarına uyğun qurulması üçün dövlət səviyyəsində ciddi işlər aparılır. Bu və digər problem xarakterli məsələlər barədə Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha xatırladaraq demişdir: "Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”.
Bu barədə yeni Təhsil nazirinə tövsiyələrini verən və gözləntilərini bildirən Azərbaycan Prezidenti daha sonra demişdi: "Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır. Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu, strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib”.
Son illər Azərbaycan Prezidenti tərəfindən ölkəmizin gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə xüsusi qayğı göstərilib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının gerçəkləşdirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilib, bu istiqamətdə fərman və sərəncamlar imzalanıb. Bu fərman və sərəncamlara əsasən, yüzlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində ən tanınmış universitetlərdə dövlət hesabına təhsil almağa göndərilib.
Bunlar həm də onu deməyə əsas verir ki, bu gün ölkəmizdə təhsilin bütün pillələrində orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusilə diqqət mərkəzindədir.
Görünən odur ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan sonrakı illər ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur. Bu istiqamətdə aparılan məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, son 17 il ərzində 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub, bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim-tədris şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ümumiyyətlə, son 17 ildə məktəb tikintisinə dair bir neçə dövlət proqramı qəbul edilib, eyni zamanda, digər sahələri əhatə edən proqramlarda da məktəb tikintisinə böyük diqqət yetirilir.
Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər xüsusi qeyd edilməlidir. Fondun dəstəyi ilə xeli sayda məktəblərin maddi-texniki bazası yaxşılaşdırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərə nail olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin çox mühüm strateji hədəflərindən biri qara qızılın intellektual kapitala çevrilməsidir. Bu istiqamətdə reallaşdırılan tədbirlər sırasında müasir çağırışlara cavab verən, yüksək keyfiyyətli tədris prosesinin həyata keçirilməsi mühüm yer tutur. Məzunların qəbul imtahanlarında müvəffəqiyyətli iştirakı da bu baxımdan əhəmiyyətlidir. Pandemiya dövründə ölkəmizdə yaranan çətin vəziyyətə baxmayaraq, təhsil sistemi öz işini uğurla davam etdirib, şagirdlər öz səyləri, bilikləri sayəsində lazımi bal toplayaraq arzusunda olduqları ixtisasa yiyələnmək üçün tələbə adını qazanıblar.
Ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması qısa zamanda daha böyük nailiyyətlərin əldə olunmasına imkan verəcək.

Keçidlər