Azərbaycanda iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi formalaşdırılır
Yeni yaradılan İqtisadi Şuranın qarşısında qoyulan məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir
Azərbaycan dövləti daim öz siyasətini zamanın dəyişən tələblərinə uyğun qurur və meydana çıxan yeni çağırışları adekvat tədbirlərlə önləməyə çalışır. Belə praqmatik siyasətin məntiqi nəticəsi olaraq respublikamızın davamlı inkişafı təmin olunur, milli iqtisadiyyatımız xarici mənfi təsirlər qarşısında öz dayanıqlılığını, rəqabət qabiliyyətini qoruyub saxlayır. Deyilənlər baxımından Prezident İlham Əliyevin 9 sentyabr 2020-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman da böyük aktuallıq daşıyır. Sənədə əsasən, 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb.
Ölkəmizdə Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub
Respublikamızda 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada müşahidə edilən proseslərlə, həmçinin ölkədəki yeni iqtisadi situasiya ilə bağlı idi - o zaman dünyada yaşanan qlobal iqtisadi böhran və birjalarda neftin qiymətinin düşməsi, eləcə də Azərbaycanda iki dəfə baş verən devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görməyə vadar edirdi. Ölkəmizdə dörd il bundan əvvəl Maliyyə Sabitliyi Şurasının yaradılması da məhz bu kontekstdə dəyərləndirilməlidir. Dövlət başçısının Fərmanı ilə yaradılan və geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası, adından da göründüyü kimi, respublikamızda makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Sonrakı dövrdə Maliyyə Sabitliyi Şurası quruma həvalə olunan vəzifələrin icrasını təmin etmək üçün Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq səlahiyyətləri çərçivəsində bir sıra zəruri tədbirlərin reallaşdırılmasına nail oldu. Ölkəmizdə makroiqtisadi göstəricilərin ilbəil yaxşılaşması və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Artıq xeyli müddətdir ki, respublikamızın maliyyə bazarında sabitlik davam edir, qlobal mənfi təsirlərə rəğmən milli valyutamızın dəyər itirməsinin qarşısı prevantiv tədbirlərə alınır. Milli valyutamızın kursunun uzun müddətdə sabit qalması manata böyük inam yaradıb. Bütün bu kimi faktlara istinadən demək mümkündür ki, Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub. Hazırda qarşıda duran vəzifələr isə tamam fərqlidir və bu da bütövlükdə iqtisadiyyatımızın yeni idarəetmə çərçivələrinin müəyyənləşdirilməsini zəruri edir.
Qlobal pandemiya dövründə Azərbaycan iqtisadiyyatı üçün yeni strateji çağırışlar yaranıb.
Yuxarıda bəhs olunan Fərmanda indiki mərhələdə milli iqtisadiyyatımız üçün yaranan çağırışları şərtləndirən xarici və daxili amillərə diqqət çəkilib. Sənəddə vurğulanır ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Bundan başqa, postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün onun yeni idarəetmə mexanizmlərinin yaradılması da mühüm çağırışlardan biridir.
Qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişafla bağlı yaranan strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək lazımdır. Bu sahədə məqsədə çatmaq üçün ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılmalıdır. Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır. Sənəddə vurğulandığı kimi, iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.
Yeni yaranan Şuranın qarşısında qoyulan strateji məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir. İqtisadi Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən prosesləri öyrənilməli, ölkə iqtisadiyyatı üçün yarana biləcək daxili və xarici mənfi təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. İqtisadi Şura post-pandemiya dövründə Azərbaycanın milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olmalıdır.