Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezidentin milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib

10 sentyabr 2020 | 16:00

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirən Azərbaycan daim ardıcıl və sistemli addımlar atır. Son 17 ildə xarici siyasətin bütün istiqamətləri üzrə Azərbaycan diplomatiyası böyük uğurlar əldə edib.
Prezident İlham Əliyevin tam müstəqil, düşünülmüş siyasət yürütməsi, eləcə də elan etdiyi hücum diplomatiyası ölkəmizə son illərdə böyük dividendlər qazandırıb. Təbii ki, bu durum Azərbaycanı istəməyən qüvvələri hər zaman narahat edib və buna görə də ölkəmizə qarşı çirkin kampaniyalar, məkrli olaylar, ikili standartlar prinsipləri davam etdirilməkdədir. Ancaq bütün hallarda Azərbaycan bu hücumlara layiqli cavab verib və haqq səsini dünyaya çatdırıb.
Bu gün dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi kimi qəbul edilir.
Diqqət etsək görərik ki, həqiqətən də Azərbaycanın xarici siyasətinin uğurları çoxdur. Bu sırada təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik etməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bu uğurlar cənab İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.
Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.
Digər tərəfdən, cənab İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə xidmət edən böyük işlər görülüb. Beynəlxalq təşkilatlarda bununla bağlı 2003-cü ildən bu yana əhəmiyyətli addımlar atılıb. İndi həmin təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi birmənalı olaraq əksini tapır. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və başqa beynəlxalq qurumlar Ermənistanın işğalçı olduğunu təsdiqləyir və Azərbaycan ərazisindən çıxmağı tələb edirlər.
Azərbaycana qarşı ikili standartlar siyasətinin yeridildiyi zamanda belə yüksək uğurların əldə edilməsi əlbəttə ki, cənab İlham Əliyevin böyük zəhmətinin bəhrəsidir.
Onu da vurğulamalıyıq ki, Azərbaycan müstəqil xarici siyasətini Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü, beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, o cümlədən yerləşdiyimiz regionun geosiyasi çətinlikləri şəraitində həyata keçirir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası xarici siyasətin çox mühüm aspektini təşkil edir. Ordumuzun Aprel və Günnüt zəfərləri, sonuncu Tovuz döyüşləri də göstərdi ki, təcavüzkar Ermənistanın manevr imkanları minimuma enib. Azərbaycan həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə tam qadirdir.

Keçidlər