Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan iqtisadiyyatın tənəzzülü fonunda heç bir maliyyə qurumundan dəstək almadan qlobal böhranla öz gücünə mübarizə aparır

09 sentyabr 2020 | 16:00

2020-ci il dünya iqtisadiyyatının ciddi tənəzzül ili kimi tarixə düşdü. Çünki qlobal pandemiya təhlükəsinin ortaya çıxması dünya iqtisadiyyatını adət edilməmiş vəziyyətlərlə üz-üzə qoydu. Beynəlxalq ticari əlaqələr dayandı, logistika fəaliyyətlərində məhdudiyyətlər meydana çıxdı, demək olar bütün ölkələrdə turizm sektoru çöküş dövrünə qədəm qoydu, hava, quru yollarının bağlanması biznes əlaqələrini qopmuş vəziyyətə gətirdi. İqtisadiyyat qeyri-müəyyən müddətdə iflic duruma düşdüyü üçün mütəxəssislər 2020-ci ili "itirilmiş il” adlandırırlar.
Qlobal böhranın getdikcə daha da dərinləşməsi postpandemiya dövründə ölkələrin iqtisadi durumunun kifayət qədər gərginləşəcəyini deməyə əsas verir. Beynəlxalq Valyuta Fondunun yaydığı məlumatda da qeyd edilir ki, dünya iqtisadiyyatı gözlənildiyindən daha ləng bərpa olunur və dərin qeyri-müəyyənlik hökm sürür. Pandemiyanın yaratdığı iqtisadi şoklar fonunda bu il dünya iqtisadiyyatının 5 faiz azalacağı qeyd edilir.
Göründüyü kimi, bəşəriyyəti çətin sınaq qarşısında qoyan pandemiya makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə böyük problemlər yaradır.
Bu günlərdə "Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib ki, tezliklə dünyanın əksər ölkələrində tənəzzül başlayacaq: "İnkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərclədilər. Bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azaldı və mənzil bazarındakı vəziyyət yaxşılaşdı”. Müşavir əlavə edib ki, xərclənən vəsaitlər hesabına Çin iqtisadiyyatı bərpa olundu, Almaniyada istehsal artdı. Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq asan olmayacaq.
Bütün ölkələrdə iqtisadiyyatı stimullaşdırmaq üçün səylərin artırılması tələb ediləcək.
Bu cür vəziyyətin nə qədər davam edəcəyini proqnoz etmək mümkün deyil. Ona görə də hesab edilir ki, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik dünya ölkələrində iqtisadi tənəzzülü davamlı edəcək.
Son statistik göstəricilərə nəzər yetirsək görərik ki, qlobal böhran səbəbindən ABŞ iqtisadiyyatı 31,7 faiz, Böyük Britaniya - 24, İspaniya - 22,1, Fransa - 19,2, Türkiyə - 9,9, Rusiya iqtisadiyyatı isə 8,5 faiz azalıb.
İqtisadçılar hesab edirlər ki, bu, son 10 ildə ilk belə hadisədir. Göründüyü kimi, həm ABŞ-da, həm də Avropanın bir sıra digər ölkələrində iqtisadiyyatda geriləmə ikirəqəmli həddədir.
Azərbaycanın iqtisadi qüdrəti dövlətin istənilən böhranla mübarizə aparmasına əlverişli imkan yaradır. Əgər belə olmasaydı, digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatı da tamam çökmüş durumda olardı. Lakin Azərbaycan pandemiya şəraitində öz resursları hesabına və xaricdən dəstək olmadan böhranı idarə edir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın sınaqlara və çətinliklərə sinə gərməsi, əlbəttə ki, cənab İlham Əliyevin rəhbərliyi ilə gücləndirilmiş milli iqtisadiyyatın imkanlarına əsaslanır.
Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında iki əsas çağırış var - pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı.
Ölkədə həyata keçirilən antiböhran tədbirləri, koronavirusa qarşı mübarizədə müsbət dinamikanın əldə edilməsi təsdiq edir ki, cənab İlham Əliyev pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması sahəsində sistemli siyasət həyata keçirir. Paralel olaraq milli iqtisadiyyatın postpandemiya dövründə inkişafına dair hazırlıqlar görülür. İqtisadiyyatın liberallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və digər islahatlar bunu deməyə əsas yaradır.
Bir sözlə, bir tərəfdən, dövlət antiböhran tədbirləri həyata keçirməklə pandemiyanın sosial-iqtisadi təsirlərini minimuma endirir, digər tərəfdən də, postpandemiya gündəliyini formalaşdırır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Keçidlər