Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycanın sentyabr “təvəllüd”lü meqalayihələri

07 sentyabr 2020 | 16:00

Son onilliklərin təqvim vərəqlərində sentyabr Azərbaycanın bir sıra mühüm meqalayihələrinin tarixinin başlandığı aydır. "Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin , "Cənub qaz dəhlizi”nin təməlinin qoyulması, "Yeni əsrin müqaviləsi”, yəni "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsinin 2050-ci ilin əvvəlinədək uzadılması sazişinin bağlanması... Azərbaycanın təkcə neft-qaz sənayesinin deyil, ümumən tarixinin bu əlamətdar hadisələri müvafiq olaraq 1994-cü, 2002-ci, 2014-cü və 2017-ci illərin sentyabr aylarına təsadüf edib.
Ölkəmizin dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. Bu kontrakt miqyasına və əhəmiyyətinə görə "Əsrin müqaviləsi” adını aldı.
"Əsrin müqaviləsi”ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Buna görə də AÇG-nin işlənməsi, əslində, əsrlərə hesablanmış bir layihədir. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.
"Əsrin müqaviləsi” çərçivəsində artıq 23 ildir neft hasil olunur. AÇG-dən əldə olunan hasilatın həcmi bu ilin yanvar ayında 500 milyon tona çatıb. AÇG həmçinin Azərbaycana ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazının təmənnasız təhvil verilməsini təmin edib.
1994-cü ilin sentyabr ayında AÇG üzrə müqavilə imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu müəyyən etmişdilər. Lakin zaman bu yataqlar blokunun sərvətinin daha çox olduğunu göstərdi. Hazırda AÇG-nin ehtiyatlarının ən azı 1 milyard ton olduğu bildirilir. Gələcək illərdə, yəni daha yeni texnologiyalar tətbiq edildikcə həmin yataqlar blokundan bəlkə bundan da çox karbohidrogen hasil etmək mümkün olacaq.
2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni müqavilə 2049-cu ilin sonunadək davam edəcək və növbəti illər ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq. Müqavilənin şərtləri 26 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.
Azərbaycan neftini dünya bazarlarına əsasən təməli 2002-ci il sentyabrın 18-də qoyulan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC daşıyır.
Ümummilli Lider Heydər Əliyevin adını şərəflə daşıdığı bu kəmərin nəql etdiyi neft indiyədək 4526 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. 1768 kilometr uzunluğunda olan boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin ikinci rübünün sonunadək, ümumilikdə 462 milyon tondan artıq (3,47 milyard barel) xam neft ixrac edib.
BTC-nin təməli qoyularkən Ulu Öndər Heydər Əliyev demişdir: "Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür”. Həmin gündən 18 ilin keçdiyi bir vaxtda bu sözlərin arxasında necə böyük məna, genişmiqyaslı işlər, qlobal layihələr dayandığını bir daha aydın dərk edirik. BTC, həqiqətən, özündən sonra neçə-neçə meqalayihəyə yol açdı.
Başqa sözlə, bu layihələrin hamısı bir-birilə sıx bağlıdır. Məsələn, "Cənub qaz dəhlizi”nin təməlinin "Əsrin müqaviləsi”nin 20 illik yubileyi günündə qoyulması özlüyündə maraqlı və mühüm bir tarixdir. Layihənin uğurlu startı həmin əlamətdar hadisədən başlanmışdır.
Prezident İlham Əliyevin dediyi kimi, "Cənub qaz dəhlizi” haqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik... Əgər 1990-cı illərin ortalarında üçtərəfli format yaranıbdırsa, - Azərbaycan-Gürcüstan-Türkiyə, - bu gün bu format genişlənir və "Cənub qaz dəhlizi”nin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa İttifaqına üzv ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya - artıq 7 ölkə "Cənub qaz dəhlizi”nin üzvüdür və Balkan ölkələri də bu layihəyə maraq göstərirlər”.
"Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağıdır. 14 ildir mavi yanacaq verən bu yataq Azərbaycanı dünyada həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri "Şahdəniz-1” qazını Azərbaycana və Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə qaz həm də Türkiyəyə nəql olunur. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmər birləşdirilir və o, Azərbaycan qazını Ərzurumadək aparır. İndi artıq gerçəkləşən "Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz Bakı-Tbilisi-Ərzurum kəməridir. Beləliklə, bu dəhliz möhkəm təmələ əsaslanır.
Belə qlobal layihənin bir neçə ildə gerçəkləşməsi də onun etibarlı zəmin üzərində həyata keçirildiyini təsdiqləyir. "Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindən cəmi 6 il keçməsinə baxmayaraq, dörd seqmentindən üçü artıq fəaliyyət göstərir. 2018-ci ilin may ayında Səngəçalda böyük təntənə ilə "Cənub qaz dəhlizi”nin açılış mərasimi keçirildi. Buna layihənin ilk iki hissəsinin başa çatdırılması - "Şahdəniz-2”dən hasilatın əldə olunması və CQBK-nın genişləndirilməsi imkan verdi. Növbəti ayda isə Türkiyədə, Əskişəhərdə üçüncü seqmentin - Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı oldu. Hazırda son seqmentin - Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi yekunlaşmaqdadır.
"Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü və liderliyi ilə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində gerçəkləşən layihədir. Təsadüfi deyil ki, 2015-ci ildən başlayaraq ölkəmiz altı dəfə "Cənub qaz dəhlizi” Məşvərət Şurasının toplantılarına evsahibliyi edib. Bu toplantılar layihənin irəliləməsində mühüm rol oynayıb, burada görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb.
Beləliklə, ölkəmizin 26 il əvvəl sentyabrın 20-dən başlanan uğur salnaməsi davam edir. Sentyabr ayında Azərbaycan neftçiləri həmçinin öz peşə bayramlarını qeyd edirlər. Bəlkə də bütün bunlara görə sentyabrı "neft ayı” adlandırırlar.

Keçidlər