Son günlər karantin rejiminin yumşaldılması vaxtında görülmüş ciddi tədbirlərin göstəricisidir.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları son günlər artıb-azalır. Bu da o deməkdir ki, ölkəmizdə virusa yoluxma faktında ciddi artım olmasa da, dəyişikliklər var. Burada koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı müəyyən mülahizələr irəli sürülür. Təbii ki, infeksiyaya yoluxmanın sayının artmasının da, azalmasının da bir sıra səbəbləri var.
Bu "göydəngəlmə bəla” haqqında artıq hər kəs danışır, pandemiyadan başı çıxan da, çıxmayan da, xəstəsi olan da, olmayan da. Bir sözlə, hərə məsələyə öz dünyagörüşü müstəvisindən yanaşır: ona inananlar və özlərini qoruyanlar da var, laqeydcəsinə karantin rejiminin şərtlərini, Operativ Qərargahın qəbul etdiyi qayda-qanunları pozaraq cərimələnənlər, yəni yoluxmanın sayının artmasına səbəb olanlar da.
Azərbaycan dövlətinin bu sahədə apardığı məqsədyönlü tədbirlər, əlbəttə, artıq öz müsbət nəticəsini göstərməkdədir. Son günlər karantin rejiminin sərt şərtlərinin yumşaldılması da məhz görülmüş tədbirlərin göstəricisidir. Yoluxmanın qarşısının alınması ilə yanaşı, koronavirus xəstəliyinə tutulanların müalicəsi üçün yaradılan şərait imkan verir ki, mübarizədə qalib gələk.
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformat şəklində açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onların 41-i son 17 il ərzində inşa edilənlərdir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində respublikanın bütün bölgələrində müasir tibb ocaqları yaradılıb. Doğrudan da, dövlətimiz vaxtında bu addımı atmasaydı, indi hansı problemlərlə üz-üzə qala biləcəyimizi təsəvvürə gətirmək belə mümkün deyildi. Bu xəstəxanaların tikilməsi ilə yanaşı, onlar həm də ən müasir avadanlıqlarla təchiz olunur və şükürlər olsun ki, proses davam etdirilir.
Xatırlatmaq yerinə düşərdi ki, pandemiya başlayanda Azərbaycanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Bu gün isə onların sayı 45-ə çatır. Bunun da nəticəsində testlərin sayı 900 mindən çoxdur. Bu isə adambaşına düşən testlərin sayına görə Azərbaycanın dünyada qabaqcıl yerlərdə olmasını təsdiqləyən faktlardandır.
Artıq heç kəsə sirr deyil ki, Azərbaycan həkimlərinə pandemiya dövründə xüsusi diqqət göstərilir. Yeni tikilmiş xəstəxanalar, ilk növbədə, dövlət başçısının da xüsusi vurğuladığı kimi, həkimlərin iş yeridir. Bu da onların iş yerlərinin müasirləşdirilməsi, həmçinin də maddi baxımdan vəziyyətlərinin yaxşılaşdırılması deməkdir. Yalnız onu deyək ki,
COVID-19 xəstələrinə xidmət edən həkimlərin əməkhaqları 3-5 misli miqdarında artırılıb. Bununla yanaşı, həkimlərin sayının kifayət qədər olmaması probleminin də həlli dövlət başçısının diqqətindən kənarda qalmayıb. Dünya dövlətlərində olduğu kimi, biz də qəfil gələn bəlaya - koronavirus pandemiyasına hazır deyildik.
Dövlət başçısı da bunu xüsusi qeyd edərək bildirdi ki, dünyanın belə bir bəla ilə üzləşəcəyini kimsə bilmirdi: "Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər”.
COVID-19 ilə mübarizədə vəziyyət son həftələr ərzində artıq müsbətə doğru dəyişməkdədir. Bu dinamikanın qorunub saxlanılması, ilk növbədə, ictimaiyyətin məsuliyyətindən də asılıdır. Dövlət və hökumət, əlaqədar strukturlar bütün imkanları səfərbərliyə alıb ki, pandemiyanın aradan qaldırılması müddəti qısaldılsın. Həyata keçirilən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də çox yüksək qiymətləndirilir. Buna görə də Azərbaycan nümunəvi ölkə adlandırılıb. Əlbəttə, buna nail olmaq o qədər də asan olmayıb. Adıçəkilən sahəyə ayrılan dövlət vəsaiti, ölkə əhalisinin pandemiyanın qarşısının alınmasında göstərdiyi səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi mübarizədə əsas rol oynayıb.
Azərbaycanın bu dövrdə 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də ümumi mübarizəyə verdiyi töhfədir. Əlbəttə, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərməyə bilməz. Bu təsirin fəsadlarını azaltmaq üçün mühüm addımlar atılır. Belə çətin dövrdə beş milyona yaxın insanın geniş sosial paketlə əhatə olunması da təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycan dövlətinin öz vətəndaşlarının daim qayğısına qalması, onların sosial vəziyyətinin yaxşılaşdırılması, insanların sağlamlığının prioritet məsələ olması deməkdir.
Azərbaycan Prezidentinin qənaətincə, dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidvericidir: "Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur”.
Məhdudlaşdırıcı tədbirlərin ötən altı ay müddətində sərtləşdirilməsi, bununla yanaşı, vəziyyətlə əlaqədar olaraq yumşalma addımlarının atılması iyul ayının ortalarından başlayaraq müsbət dinamikada özünü göstərdi. Bu gün yoluxanların sayının 100-200 arasında olması, əlbəttə, arxada qalan aylarla müqayisədə ürəkaçan nəticədir. Vəziyyətin daim nəzarət altında saxlanmasında gündəlik monitorinqin aparılması mühüm amildir. Hesab edilir ki, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın.
Azərbaycanın bu sahədə də göstəriciləri inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə nikbinliyə əsas verir. Avqust ayında xəstələrin sayı inkişaf etmiş Avropa ölkələrində pik həddə çatdığı halda ölkəmizdə bunun əksinə olub. Xatırladaq ki, apreldən yay aylarına qədər bütövlükdə dünyada, o cümlədən Avropada xəstələrin sayının azalması müşahidə olunurdu. Demək, arxayınçılığa hələ ki, əsas yoxdur. Dövlət başçısı da bunu ölkə əhalisinin diqqətinə bir daha çatdırdı ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atılmalıdır.
Təəssüf ki, bu gün hələ də vəziyyəti olduğu kimi dərk etməyənlərə, məsuliyyətini itirmiş insanlara, qaydaları kobudcasına pozanlara rast gəlirik. Təbii ki, belə hallar aşkarlananda cəza tədbirləri görülür. Azərbaycan Prezidenti xalqın ürəyindən xəbər verən məqamlara da toxundu: "Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.