Azərbaycanın hökumətinin koronavirusla mübarizədə uğurlu fəaliyyəti ölkə əhalisi tərəfindən təqdir olunur
Peyvənd tam hazır olanadək bəzi dünya ölkələri koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər görür, xüsusi karantin rejimini uzadırlar. İndiki şəraitdə koronavirusun yayılma arealını azaltmaq üçün görülən effektiv tədbirlərdən biri məhz karantin rejiminin tətbiqidir.
Mütəxəssislər hesab edirlər ki, dünyanın koronavirusla ən uğurlu mübarizə üsulu insanlar arasında təması azaldaraq yoluxma zəncirini qırmaqdır. Azərbaycan da bu yolu seçən ölkələr sırasındadır. Dünyada olduğu kimi, vətənimizdə də infeksiyaya yoluxma sayını azaltmaq üçün martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.
Koronavirusun yayılmağa başladığı yeni dönəmlərdə Azərbaycan ona qarşı mübarizəyə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoydu. Ölkəmizdə virusun aşkarlandığı ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi, eləcə də vətəndaşların böyük qisminin məsuliyyətli davranışı nəticəsində COVID-19-la bağlı vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu.
İki aya yaxındır mənfi tendensiyanın müsbətlə əvəzlənməsi isə hər kəsi sevindirir. Bu da koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın çox uğurlu fəaliyyət apardığını deməyə əsas verir. Hökumətin gördüyü operativ və səmərəli tədbirlər, qəbul edilən qərarlar, müasir tibbi sənayenin qurulması, qısa müddətdə ixtisaslaşmış xəstəxanaların açılması, dövlətimiz tərəfindən yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunması, müxtəlif ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların virusla birbaşa mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaları və s. bugünkü ümumi uğurumuzu təmin edib.
İnfeksiyaya yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bir neçə qərar verib. Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Bununla belə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb. Növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin sentyabrın 15-dən mərhələli şəkildə açılması ilə bağlı olub. Bu tarixdən ilk olaraq ibtidai siniflərdə dərslər keçiriləcək. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa ediləcək. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflərin, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.
Yumşalmalara gedilməsi pandemiyanın başa çatması anlamına gəlməməli və insanlarda arxayınlıq yaratmamalıdır. Əksinə, yumşalmalardan sonra bəzi ölkələrdə xəstələrin sayında artım müşahidə olunur ki, bu, hər birimizi daha məsuliyyətli olmağa sövq etməlidir. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Ölkəmizdə yumşalma addımları da elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. Daim insanlarımızın sağlamlığını düşünən dövlət rəhbəri də hər zaman vətəndaşları ehtiyatlı olmağa çağırır. O cümlədən dövlət vəsaiti hesabına işsiz şəxslərə müavinətlərin verilməsi, iş yerləri müvəqqəti dayandırılmış sahibkarlara müvafiq ödənişlərin ödənilməsi də Prezident İlham Əliyevin əhaliyə olan diqqət və qayğısının nəticəsidir.
Ölkədə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Karantin rejiminin tədricən, mərhələli şəkildə yumşaldılması, dövlətimizin pandemiya ilə mübarizədə apardığı ehtiyatlı tədbirlər proqramı öz effektiv nəticələrini göstərir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Hətta artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Hazırda əsas məsələ əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün karantin qaydalarına anlayışla yanaşaraq əməl etmək, maska taxmaq və sosial məsafəni qorumaq kifayətdir. Bizdən tələb olunan yalnız məsuliyyətli olmaq, karantin qaydalarına riayət etməkdir. Vətəndaş olaraq dövlətin atdığı addımları dəstəkləmək, səbirli olmaq lazımdır. Əgər tendensiya bu cür davam edərsə, qısa zamanda normal həyatımıza qayıdacağıq.