Azərbaycan ərazilərinə Ermənistanın hərbi-siyasi rəhbərliyinin səfəri təxribat xarakteri daşıyır
Məlum olduğu kimi, Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirib. Xankəndidə “Qarabağ müdafiə ordusunun qərargahında” keçirilən müşavirə zamanı Ermənistanın qondarma rejimlə “hərbi əməkdaşlığının dərinləşdirilməsi” planları müzakirə olunub.
Erməni mətbuatı da məsələ ilə bağlı yazır ki, Ermənistan Qarabağa yeni silahlar və əlavə hərbi qüvvələr yerləşdirmək niyyətindədir. Habelə bildirilir ki, “rəqibə qarşı çəkindirici mexanizmlərin daha da təkmilləşdirilməsi” müzakirə olunub. Müşavirədə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin yüksək rütbəli komandirləri, habelə Ermənistanın müdafiə naziri David Tonoyan iştirak ediblər. O da bildirilir ki, Tonoyan Paşinyandan əvvəl Qarabağa gəlib və döyüş mövqelərinə baş çəkib, hərbçilərlə görüşüb.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu məsələ ilə bağlı bildirib ki, Azərbaycan ərazilərinə Ermənistanın hərbi-siyasi rəhbərliyinin intensiv səfəri təbii ki, təxribat xarakteri daşıyır: “Göründüyü kimi, Nikol Paşinyan Xankəndində qondarma rejimin və Ermənistandan olan generalların iştirakı ilə toplantı keçirib. Bu toplantıda Ermənistanın müdafiə naziri David Tonoyan da iştirak edib. Separatçı rejimlə Ermənistan arasında əsas müzakirə mövzusu hərbi əməkdaşlığın dərinləşdirilməsi olub. Bu da ondan xəbər verir ki, Ermənistan bundan sonra da separatçı rejimlə birgə Azərbaycana qarşı təxribatlar törətməkdə davam edəcək. Paşinyanın açıq şəkildə qondarma rejimlə hərbi sahədə əməkdaşlığı müzakirə etməsi onu göstərir ki, Ermənistan qondarma rejimin müdafiə sisteminin gücləndirilməsinə də əlavə resuslar cəlb etmək niyyətindədir”.
Deputat onu da qeyd edib ki, Ermənistan rəhbərliyinin bu səfərlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir. Qondarma rejimə bütün bu səfərlər və səfər zamanı müzakirə olunan mövzular imkan verir ki, Ermənistan beynəlxalq miqyasda öz adi ilə - işğalçı kimi tanınsın. Əgər beynəlxalq təşkilatlar öz mövqelərini sərgiləsələr münaqişənin tənzimlənməsinə yanaşma tərzində də müəyyən dəyişikliklər ola bilər. Təəssüf ki, hazırkı beynəlxalq təşkilatların bu mövzuda konkret bir mövqeyi yoxdur.