Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Paşinyan hakimiyyətinin talançılığı ölkəni daha böyük problemlərə sürükləyir

28 avqust 2020 | 16:00

2020-ci il Ermənistan üçün sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin daha da ağırlaşması ilə xarakterizə olunmaqdadır. Əhalinin maddi rifah halının pisləşməsi həm də daxili və xarici siyasətdə müşahidə olunur. Çünki problemlərin çözümü üçün hakimiyyətin konkret siyasəti və proqramı yoxdur.
Vəziyyətin daha da pisləşəcəyini yerli media da təsdiq edir. Qeyd olunur ki, Ermənistan əhalisinin yaşayış şəraiti gələn il 2020-ci illə müqayisədə 15 faizdən çox pisləşəcək. Çünki 2021-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təqaüd, müavinət və minimum əməkhaqqı artırılmayacaq.
Qeyd edilib ki, baş nazir Nikol Paşinyan ona olan ümidləri doğrultmayıb, ötən iki il ərzində ölkəni məhvə sürükləməklə, talançılıqla məşğul olub. "4rd.am” saytı yazır ki, Ermənistana investisiya yatırmaqda maraqlı olan şəxslər Paşinyandan qaçırlar. Ona görə ki, yalanlarla üzləşirlər: "Hazırkı hakimiyyət məcbur edir ki, biz yüksək səslə "Paşinyan hakimiyyətdə olduğu müddət ərzində heç kim aldanıb Ermənistana investisiya qoymasın” deyək. Hələ ki, adının çəkilməsini istəməyən iş adamı redaksiyamıza ünvanladığı məktubda yazır ki, rəhbərlik etdiyi holdinq kifayət qədər pul xərcləyib. Üç dəfə Ermənistana gəlib, biznes-plan hazırlayıb, tenderdə iştirak edib, onminlərlə avro xərcləyib. 2019-cu ilin ikinci yarısında tenderə bütün materialları versələr də, hələ cavab almayıblar. Vurğulayır ki, indi o, bizi inandırmağa çalışır ki, gələn dəfə daha yaxşı nəticələr əldə edəcəyik. Biz artıq inanmırıq.
Diasporda belə bir fikir var ki, Nikol Paşinyan hakimiyyətdə olduğu müddət ərzində Ermənistanı ziyarət etmək belə olmaz. Əksinə, birləşib, ölkəni xilas etmək lazımdır. Ermənistana investisiya yatıran bir normal erməni diasporu yoxdur. Əgər belə təşkilatlar varsa, demək, onlar ölkəni talamağa gəliblər. Belə ermənilər xüsusilə Avropadakı diasporda mövcuddur. Lakin bunlar da investor yox, öz klanlarına bağlı olan oğrulardır. Onlar da Nikol Paşinyan kimi şoumendirlər. Baş nazir xalq qarşısında üzr istəməlidir”.
Diaspor tərəfindən Ermənistana göndərilən pulların azalması pandemiyanın böyük problemlər yaratdığı ölkədə sosial-iqtisadi müstəvidə vəziyyəti daha da gərginləşdirib. Belə bir vaxtda "İravnuk” qəzeti vəziyyətin pisləşdiyini açıqlayıb. Bildirilir ki, fiziki şəxslərin də göndərdiyi pulların həcmində kəskin azalmalar qeydə alınıb. 2013-cü ildən 2020-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9 milyard dollardan çox pul göndəriblər: "Yerevana ən çox valyuta axını ənənəvi olaraq Rusiyadan gəlib. Bu ölkədən pulları daha çox əmək miqrantları göndərirlər. Müstəqillik qazandıqdan sonra belə vətəndaşlarımız üçün Rusiya vacib ölkə olaraq qalmaqdadır. Son 7 il ərzində bu ölkədən Ermənistana 6 milyard dollardan çox pul göndərilib”. Amma o da qeyd olunur ki, ötən ildən ölkəyə göndərilən pulların həcmində kəskin azalmalar qeydə alınıb və bu, eyni zamanda koronavirus pandemiyası fonunda əhalinin maddi rifah halında özünü dərhal büruzə verir.
Ermənistanda bütün bunlarla yanaşı, əsgərələrə göstərilən laqeydlik də cəmiyyətdə narazılığı artırır. Eyni zamanda erməni ordusunun tənəzzülünü göstərən hadisələrin sayı kifayət qədər çoxdur. Yerli medianın yazdığına görə, son günlərdə hərbi hissələrdən birində böyük oğurluğun üstü açılıb. İstintaq komitəsinin araşdırmaları nəticəsində məlum olub ki, müəyyən müddət ərzində hərbi hissəyə göndərilən əşyalar və tikinti materialları oğurlanıb. Oğurluğu həyata keçirməkdə ittiham olunan hərbi hissənin anbar rəisi məhkəmənin qərarı ilə nəzarətə götürülüb.
Bir müddət əvvəl Ermənistanın hərbi hissələrinin birində aşpazların əsgər yeməklərini oğurladıqları da məlum olub. Belə ki, həmin hərbi hissədə Mqer Zaroyan və Ovsanna Adamyan adlı aşpazlar müxtəlif vaxtlarda əsgərlərin yeməklərini hərbi hissədən çıxarıblar. Bir il öncə isə hərbi hissələrdəki əsgərlərə məxsus yeməklərin Polşa şirkətlərindən birinə satılması barədə məlumat yayılmışdı.
"Çorrord İşxanutyun” qəzeti yazır ki, orduda qanun pozuntuları baş alıb gedir: "Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan indi ordu ilə bağlı nöqsanlarını və uğursuz qərarlarını pərdələməyə, zahirən nikbin açıqlamalarla ört-basdır etməyə çalışır. Bunun nəticəsidir ki, ötən ay cəbhədəki hərbi əməliyyatlar ölkəmizin və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini göstərdi. Bununla bağlı suallar çoxdur, amma Paşinyan hakimiyyəti bu sualların, hələ ki heç birinə cavab verməyib”.
Bütün baş verənlər Ermənistana yeni çətin günlər vəd edir. Hesab edilir ki, indiki hakimiyyətin səriştəsiz siyasəti üzündən Ermənistan daha yeni böyük problemlərlə üzləşəcək.
Elçin CƏFƏROV,
"Azərbaycan”

Keçidlər