Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan Avrasiyanın yeni enerji xəritəsini tərtib edir

28 avqust 2020 | 16:00

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansısa bir beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən qərb, şimaldan cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr ölkəmizin razılığı əsasında gerçəkləşir.
Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır. İndi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələr ölkəmizin nəyə qadir olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan bu layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edir. "Cənub qaz dəhlizi”nin tam gücü ilə fəaliyyətə başlaması isə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm aktora çevriləcək.
Ötən həftə "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində cənab İlham Əliyev bir daha bu layihəni dəyərləndirərək dedi ki, indi əsas diqqət "Cənub qaz dəhlizi”nin başa çatmasına yönəldilib. Hazırda layihə uğurla icra edilir. Kəmərin dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Bu işlər tamamlandıqdan sonra dövlətimizin təşəbbüsü və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam yekunlaşacaq və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, "Cənub qaz dəhlizi” tam istismara veriləcək.
Prezident bildirdi ki, "Cənub qaz dəhlizi” olmasaydı, heç bir xarici investor Azərbaycandakı yataqlara sərmayə yatırmaq istəməzdi. Gələcəkdə bu dəhlizlə təkcə "Şahdəniz”dən deyil, işlənməsi müxtəlif mərhələlərdə olan digər yataqlardan alınan qaz da nəql ediləcək. Bu da, əlbəttə ki, ixracın coğrafiyasını dəyişəcək. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlığını daha da gücləndirəcək: "Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

Keçidlər