20 Yanvar faciəsinin qurbanları Daşkəsəndə də ürək ağrısı ilə anılır
20 Yanvar faciəsinin qurbanları Daşkəsəndə də ürək ağrısı ilə anılır
20 Yanvar faciəsindən artıq iyirmi beş il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi Daşkəsən rayonunun idarə və təşkilatlarında, orta ümumtəhsil müəssisələrində geniş qeyd olunur.
Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı hazırlanmış və faciənin ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.
25 il əvvəl 1990-cı ilin 20 yanvarı xalqımızın yaddaşına qanlı faciə kimi daxil olmuşdur. Ancaq 20 Yanvar hadisəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Faciənin 25-ci ildönümü ölkəmizin hər bir bölgəsində olduğu kimi Daşksən rayonunun orta ümumtəhsil məktəblərində də anılır. Belə anım tədbirlərindən biri də yanvar ayının 16-da Daşkəsən şəhər İ. Nəsimi adına 1 saylı tam orta məktəbdə “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında keçirilib. Tədbirdə məktəb kollektivi ilə yanaşı valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elmar Əliyev faciə zamanı həlak olan şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyərək bildirdi ki: “Daşkəsən şəhər 1 saylı tam orta məktəbdə 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərdən biri Ülvi Yusif oğlu Bünyadzadə təhsil alıb. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi”.
Daha sonra çıxış edən məktəbin direktoru Ülfət Abdıyeva bildirdi ki: “20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir”.
Tədbirin ikinci hissəsində şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər.
20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı digər bir tədbir də Daşkəsən şəhər S.Vurğun adına 3 saylı tam orta məktəbdə qeyd edilib. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad etdikdən sonra dövlət himni səsləndirildi.
Tədbirdə orta məktəbin direktoru Mirzəyev Naməddin faciənin doğurduğu nəticələr barəsində ətraflı çıxış etdi. Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov da nitq söyləyərək bildirdi ki, şagirdlərimiz milli-vətənpərvərlik ruhunda böyüməlidirlər. Orta məktəb şagirdləri ədəbi-bədii kompozisiyalarla şəhidləri xatırladılar. Şagirdlərin hazırladıqları ədəbi - bədii kompozisiyalarda Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolu olduğu vurğulandı, gənclərimizin Azərbaycan tarixini yaxşı mənimsəmələri, qəhrəmanlarımızın şücaəti ifadə olundu.