Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Mərhəmət ünvanı, ən yaxın silahdaş

26 avqust 2020 | 16:00

Azərbaycan tarixində zamanın, hadisələrin məhvərini dəyişməyə qadir, sərkərdə ruhlu, siyasətdə, elmdə, mədəniyyətdə, incəsənətdə və digər bütün sahələrdə ciddi nəticələrə imza atan güclü qadınlar çox olub. Onlar cəmiyyətimizin inkişafında fəal iştirak edib, ona öz töhfələrini veriblər.
Çağdaş Azərbaycan qadını da təkcə ana deyil, o, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir. Onun təşəbbüsü ilə humanitar, elm və təhsil, sosial, idman, mədəniyyətlər və sivilizasiyalararası dialoq və digər istiqamətlərdə həyata keçirilən tədbirlər həm ölkədə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. Ən əsası, bu tədbirlər dövlət siyasətinin daha böyük uğurlar qazanmasında böyük rol oynayır.
Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin fevral ayında Birinci vitse-prezident vəzifəsinə təyin olunmasında, ilk növbədə, Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında oynadığı müstəsna xidmətlərin mühüm rolu oldu.
Mehriban xanım Əliyevanın bu uca kürsüyə uzanan uğur yolu məhz mərhəmət, şəfqət, xeyirxahlıq, humanizm kimi ali bəşəri hisslərinin tərənnümü, insanların xoşbəxt, sağlam, firavan olması üçün gecə-gündüz göstərilən əzmkar mübarizəsindən başlayırdı...
Birinci xanım hər zaman Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin inkişafı naminə geniş və hərtərəfli fəaliyyət göstərib, humanizm ideyalarını dəstəkləyib. Məhz Mehriban xanımın təşəbbüsü ilə 2007- 2016-cı illər ərzində 4 amnistiya aktının qəbul edilməsi cəmiyyətimizə xoş ovqat gətirib.
2004-cü ildə yaranan Heydər Əliyev Fondu Birinci xanımın rəhbərliyi altında nəinki respublikamızda, eyni zamanda dost xarici ölkələrdə müxtəlif layihə və proqramlar reallaşdırır, eyni zamanda Azərbaycanı dünyada layiqincə təbliğ edərək əsl vətənpərvərlik missiyasını həyata keçirir.
Fəaliyyətə başladığı ilk zamandan etibarən fond təhsil sahəsində başlatdığı xeyli sayda layihəni hazırda da uğurla davam etdirir. İndiyə qədər ölkədə dövlət xətti ilə 3 mindən çox məktəb tikilib, təmir edilib, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, maddi-texniki baza möhkəmləndirilib. Uşaq evlərinin kimsəsiz sakinləri də daim Mehriban xanımın diqqəti və qayğısı ilə əhatə olunub. Onların təlim-tərbiyə, təhsil almalarına diqqət yetirir, gələcək həyatlarında uğur qazanmaları üçün hər cür imkan və şərait yaradır.
Heydər Əliyev Fondunun ölkəmizin səhiyyə sisteminin inkişafına dəstəyi ölçüyəgəlməz miqyasda böyükdür. Mehriban xanımın təşəbbüsü ilə fond pandemiya dövründə ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə mühüm töhfələr verir. Birinci vitse-prezidentin tapşırığına əsasən, fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində yardımlar göstərilib və bu istiqamətdə kömək davam etdirilir.
Bütün bu ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Öz fəaliyyəti ilə partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.
Mehriban Əliyevanın fəaliyyəti kifayət qədər çoxşaxəlidir. Bütün bunları ümumiləşdirsək görərik ki, Birinci vitse-prezidentin gördüyü işlər yalnız və yalnız xalqa xidmət missiyasından ibarətdir. Ən əsası isə odur ki, bu fəaliyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla və layiqincə tamamlayır.

Keçidlər