Gənc Liderlər Proqramının iştirakçıları Azərbaycanın Müdafiə naziri ilə görüşüblər
Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşüblər.
Onlayn tədbirdə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb.
Zakir Həsənov bildirib ki, düşmənin əsas məqsədlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif xoşagəlməz fikirlər formalaşdırmaqdır. Bu gün sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi gənclərimizdə vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəy formalaşdırmaqdır. Mütləq şəkildə iki hədəfimiz olmalıdır. İlk növbədə, gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam bir-birimizə dəstək olmağımızdır. Biz daim vətən uğrunda çiyin-çiyinə döyüşməyə, onun müdafiəsinə hazır olmalıyıq.
Sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə suallarını cavablandırıb.