Minsk qrupu öz funksiyalarını yerinə yetirə bilmir
Son dövrlərdə Azərbaycan-Rusiya əlaqələri yüksələn xətt üzrə sürətlə inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Son illərdə iki dövlətin prezidentləri dəfələrlə görüşüblər. Bütün bu görüşlərin hər birində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb. Bu mənada prezidentlərin siyasi iradəsi və birgə səyləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. İldən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası münasibətlər hazırda strateji səviyyəyə yüksəlib. Bu gün iki ölkə arasında münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir.
Eyni zamanda müstəqil siyasət yürüdən Azərbaycan Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya daim dəstək verib. Ölkəmiz anti-Rusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Odur ki, bu baxımdan son vaxtlarda Ermənistana intensiv şəkildə silahların daşınması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna tamamilə ziddir. Qərbin ciddi sanksiyaları şəraitində Rusiya ilə tərəfdaşlığa sadiq qalan ölkəmizin bu cür münasibət görməsi haqlı olaraq Azərbaycanda narazılıq yaradır. Bu, faktiki olaraq işğalçı ölkəyə açıq-aşkar dəstək vermək deməkdir.
Digər tərəfdən, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da "Böyük səkkizlik”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Ermənistanın silahlandırılması münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir və mövcud status-kvonun saxlanmasına xidmət edir. Bu hadisə həm də onu göstərir ki, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Həmsədr ölkələrdən birinin birtərəfli mövqe tutaraq işğalçıya dəstək verməsi, digərlərinin buna göz yumması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün hüquqi normaların tapdalanmasından başqa bir şey deyil. Buna görə də ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycanın tənqidləri tamamilə obyektiv və ədalətlidir. Ona görə də səmərəsiz bir quruma çevrilən Minsk qrupunun fəaliyyətinin yenidən təşkili, o cümlədən Türkiyənin həmsədr ölkə qismində prosesə cəlb edilməsi labüddür. Çünki reallıq göstərir ki, indiki vəziyyətdə Minsk qrupu öz funksiyalarını yerinə yetirə bilmir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan