Hər bir məsələ dövlət başçısının xüsusi nəzarətindədir
Bütövlükdə Azərbaycanın xarici siyasət kursunun ən mühüm reallığı odur ki, Prezident İlham Əliyev beynəlxalq arenada ölkəmizin milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığı bir daha göstərdi ki, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ dövlət başçısının xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə və beynəlxalq qurum qarşısında qətiyyətlə məsələ qaldıra bilir.
Qeyd edək ki, telefon danışığı zamanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır. Cənab Prezident Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
Ümumiyyətlə, bu, Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı ilk fakt deyil. Hələ 1990-cı illərin ortalarından başlayaraq bununla bağlı faktlar məlum idi. Qətlə yetirilən Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Lev Roxlin bununla bağlı 1997-ci il aprelin 2-də dumanın qapalı iclasında ifşa xarakterli çıxış da etmişdi.