8 Noyabr – Zəfər Günü ərəfəsində daşkəsənli məktəblilərin Vətən müharibəsi iştirakçıları və qazilər ilə görüşləri keçirilib.
8 Noyabr - Zəfər Gününün üçüncü ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti rayon üzrə Təhsil Sektoru ilə birgə Daşkəsənin ümumtəhsil müəssisələrində məktəblilərin Vətən müharibəsi iştirakçıları və qazilər ilə görüşlər təşkil edib.
Görüşlərin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfər barədə məktəbliləri məlumatlandırmaq, Vətən müharibəsinin canlı iştirakçılarını və şəhidlərimizi böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq və yeniyetmələrə vətənpərvərlik hisslərini aşılamaqdır.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlanan görüşlərdə çıxış edənlər qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə təbriklərini çatdırdıqdan sonra vurğulayıblar ki, 44 günlük Vətən müharibəsi xalqımızın qətiyyət və əzminin, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əsl sərkərdəlik qabiliyyətinin, siyasi iradəsinin və uzaqgörənliyinin təntənəsi kimi tariximizin şərəf və qürur səhifəsinə çevrilmişdir.
Daşkəsən rayonundan olan qazilər isə çıxışlarında keçdikləri çətin və şərəfli döyüş yolları ilə bağlı məktəblilərə məlumat veriblər. Qalib Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqımızın öz rəhbəri və ordusuna göstərdiyi sonsuz dəstək haqqında söz açıblar. Müharibə bitdikdən sonra Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə və iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Habelə məktəblilərin suallarını cavablandırıblar.
Zəfər Günü ərəfəsində Daşkəsənin ümumtəhsil müəssisələrində Vətən müharibəsi iştirakçıları və qazilərlə şagirdlərin görüşləri davam edəcəkdir.