Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edir
Azərbaycan Ordusu döyüş meydanında nəyə qadir olduğunu Tovuz döyüşlərində bir daha nümayiş etdirdi. Ermənistanın siyasi-hərbi rəhbərliyi də bir daha dərk etdi ki, respublikamızın qarşısında kifayət qədər zəif və cılızdırlar. Ordumuzun bu zəfəri artan hərbi gücümüzün Aprel döyüşlərindən sonra növbəti təsdiqi oldu.
Tovuz döyüşlərindən sonra beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar bir çox mətləblərə yeni işıq saldı ki, bunlardan biri də Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olmasıdır. Bu siyasətin nəticəsi idi ki, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar respublikamızın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyən qətiyyətli bəyanatlar verdilər. BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul etdi. İslam Konfransı Təşkilatı, Türk Şurası Ermənistanın işğalçı siyasətini qətiyyətlə pislədilər.
Erməni təəssübkeşliyinin güclü olduğu Qərb ölkələrindən Ermənistanı müdafiə edən hansısa fikir eşidilmədi. Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi.
Təbii ki, beynəlxalq səviyyədə əldə olunan hər bir uğurun kökündə Azərbaycanın yürütdüyü müstəqil siyasət, Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyasının inamla həyata keçirilməsi dayanır. Bu siyasət sürətlə öz hədəflərinə doğru irəliləyir, ayrı-ayrı dövlətlərin, təşkilatların, dövlət və siyasi xadimlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə olan baxışlarını dəyişərək, onların baş verənlərə obyektiv münasibət bildirmələrinə səbəb olur. Nəticə etibarilə bütün bunlar torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan danışıqlarda Azərbaycanın siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirən mühüm amillərdir.