Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev çevik və şəffaf iqtisadi idarəetmə modeli yaradır.

16 avqust 2020 | 16:00

Ən islahatçı Prezident iqtisadiyyatın liberallaşdırılması istiqamətində atdığı addımlarla Azərbaycanın gələcək yüksəlişi üçün güclü baza formalaşdırır

Qlobal böhran dünya iqtisadiyyatına getdikcə daha ciddi mənfi təsir göstərməkdədir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatındakı tənəzzülün 20 faizə qədər yüksəlməsi bunu təsdiqləyən reallıqdır.
Təbii ki, böhran Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Koronavirus pandemiyasının doğurduğu fəsadlar və neftin qiymətinin aşağı düşməsi, eləcə də OPEC+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi iqtisadi sahədə bir sıra geriləmələrə və itkilərə səbəb olub. Bəzi ölkələrdə iqtisadi tənəzzül 10-20 faiz olduğu halda, ölkəmizdə son altı ayda iqtisadiyyat cəmi 2,7 faiz aşağı düşüb. Lakin bu tənəzzül ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman reallaşdırdığı genişmiqyaslı islahatlara ciddi təsir göstərə bilmədi və bu gün həyata keçirilən struktur islahatları da bunun bariz təcəssümüdür.
Cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi mütərəqqi islahatlar ölkəmizin gələcək inkişafını təmin edəcək güclü iqdisadi baza formalaşdırdı. İqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu islahatlarla Azərbaycan Dünya Bankının reytinqi əsasında 25-ci pilləyə yüksəldi. Bu, ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri olmaq deməkdir. Eyni zamanda Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri elan olundu.
Bu islahatlarla vergi, gömrük sistemindəki yeniliklər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı vergi sistemində edilən dəyişikliklər, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən mikro və kiçik sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi həyata keçirildi ki, bu da sahibkarların vergi güzəştlərindən istifadə imkanlarının genişləndirilməsinə şərait yaratdı.
Beynəlxalq reytinq təşkilatları, maliyyə qurumlarının hesabatlarında 2020-ci və 2021-ci illər üçün Azərbaycanın 3 faizdən çox iqtisadi artıma nail olacağı proqnozlaşdırılırdı. Bu da təbii ki, iqtisadi artım tempinin yüksəlməsi demək idi. Yəni cənab İlham Əliyevin islahatları nəticə etibarı ilə qarşıdakı illər üçün Azərbaycana iqtisadi inkişaf baxımından yeni imkanlar yaratdı.
Əldə edilən bu imkanlar bütün sahələrdə dəyişikliklərin baş verməsini təmin etdi və inkişafla bağlı müsbət dinamikanın əldə olunmasını şərtləndirdi. Ancaq gözlənilmədən dünyanı çənginə alan qlobal pandemiya ilə mübarizə tədbirləri bütün ölkələr kimi Azərbaycan dövləti üçün də əlavə xərclər yaratdı. İnsan sağlamlığının qorunmasını hər zaman siyasətinin prioriteti hesab edən Prezident İlham Əliyev iqtisadiyyatı deyil, vətəndaşın sağlıq durumunu əsas tutaraq qabaqlayıcı tədbirlərin görülməsi üçün mühüm qərarlar qəbul etdi. Ölkədə tez bir zamanda yeni xəstəxanaların, maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisələrin tikilməsi, təcili tibbi yardım avtomobillərinin alınması, habelə maddi yardımların verilməsi, iş yerlərini və gəlirlərini itirmiş şəxslərə kompensasiyaların ödənilməsi üçün maliyyə vəsaiti ayrıldı. Eyni zamanda ölkədə heç bir sosial layihə təxirə salınmadı. Regionlarda yol infrastrukturu, içməli su təminatı, yeni sosial iaşə obyektlərinin tikintisi davam etdirildi. Hazırda digər sosial layihələr həyata keçirilməkdədir.
Bu layihələrin, islahatların reallaşması üçün Azərbaycan heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almayıb. Dünya ölkələrinin əksəriyyəti maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç kimdən yardım almadan, öz imkanları hesabına yaşayır. Hətta dövlətin xarici borcu da əksər ölkələrlə müqayisədə aşağı səviyyədədir.
Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin iqtisadi islahatlari nəticəsində əldə edilən bazanın hesabına reallaşır. Dövlət başçısının söylədiyi kimi, bununla da Azərbaycan istənilən böhranla mübarizə aparmağa qadir olan dövlət olduğunu təsdiqləyir.

Ümumiyyətlə, son 17 il ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edib. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb.
Lakin qlobal böhran göstərdi ki, daha çevik, operativ qərarların qəbul olunması, korporativ idarəçilikdə yeniliklərin tətbiq edilməsi və bəzən mərkəzləşdirilmiş siyasətə üstünlüyün verilməsi yarana biləcək daha böyük problemlərin qarşısının alınmasında öz faydasını verə bilər.
Buna görə də, ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığının artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, idarəçilik modelinin təkmilləşdirilməsi və nəticədə dövlət büdcəsindən daha səmərəli istifadə olunmasını təmin etmək zərurəti yaranıb. Bu da, əlbəttə ki, müasir çağırışlar, yeni trendlər fonunda iqtisadiyyatın liberallaşdırılması nəticəsində reallaşa bilər.
Dövlət başçısı avqustun 6-da keçirdiyi müşavirədə bu məsələyə toxunaraq vurğuladı ki, son vaxtlar iqtisadiyyatın liberallaşdırılması istiqamətində aparılan müzakirələr artıq ciddi addımların atılmasını, həmçinin özəlləşdirmə sahəsində daha geniş islahatların reallaşdırılmasını şərtləndirir. Ona görə də bu istiqamətdə mühüm addımlar atılmalıdır.
Avqustun 7-də isə Prezident struktur islahatları çərçivəsində daha bir mühüm əhəmiyyət kəsb edən fərman imzaladı. Bu sənədə əsasən, "Azərbaycan İnvestisiya Holdinqi” (AİH) yaradıldı və təşkilatın Nizamnaməsi təsdiq edildi. Fərmanda da qeyd edilirdi ki, son illər ölkədə sosial-iqtisadi infrastruktur inkişaf edib, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artıb. Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilib. Bu istiqamətdə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin gücləndirilməsi üçün bir sıra işlər görülüb, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilib.
Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.
İqtisadçılar hesab edirlər ki, Prezident İlham Əliyevin bu qərarı post-pandemiya dövrü üçün böyük əhəmiyyət daşıyır. Çünki indi əsas məqamlardan biri iqtisadi gücü bərpa etmək və inkişafa nail olmaqdır. Bunun üçün də iqtisadiyyatın liberallaşdırılması vacibdir.
Bu sistemlə dövlət müəssisələrinin maliyyə sağlamlığı və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək mümkün olacaq. Həmçinin vahid idarəetmə modeli dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini özündə ehtiva edir. Sözügedən islahatlar azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirməyə hesablanıb.
Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, ilk növbədə, bu sahədə səmərəliliyin artırılmasına səbəb olacaq. Yəni dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aydın, ölçülə bilən və şəffaf səmərəlilik göstəriciləri vasitəsilə müəyyən olunacaq. Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələrinin korporativ idarəetmə orqanlarında iştirak etməklə onların ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsini təmin edəcək.
Dövlət müəssisələrinin əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına yönəldiləcək, fəaliyyət göstərdikləri sahələrə özəl investisiyaların cəlb edilməsi sürətlənəcək, bu məqsədlə dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılacaq. Həmçinin özəl sektorla dövlət müəssisələri arasında rəqabətin ədalətli və bərabər şərtlərlə aparılması təmin olunacaq və bu qurumlar səmərəli fəaliyyət göstərməklə milli inkişaf hədəflərinə nail olunmasına xidmət edəcək. Eləcə də, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə innovasiyalar və rəqəmsallaşma daha geniş şəkildə tətbiq və təşviq olunacaq.
Yeni holdinqin yaradılmasında məqsəd ölkə iqtisadiyyatında böyük bir hissə təşkil edən dövlət şirkətlərinin idarə olunmasıdır. Holdinqin yaradılması, idarəetmədə effektliyin artırılması, qeyri-neft sahələrinin effektiv idarə olunması həmin sahələrin inkişafına təkan verəcək, eləcə də rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədlərinə xidmət edəcək. Bununla da daha vacib layihələr həyata keçiriləcək və bir o qədər də əhəmiyyət daşımayan işlərə əlavə vəsaitlər və izafi xərclər sərf olunmayacaq.
Göründüyü kimi, Prezident İlham Əliyev qlobal böhran şəraitində həyata keçirdiyi struktur islahatları ilə iqtisadi və korporativ idarəetməni daha da modernləşdirir. Dövlət başçısı çevik, şəffaf, obyektiv informasiya sisteminə əsaslanan və ayrı-ayrı strukturları bir tam halında sinxronlaşdırılmağı bacaran yeni idarəetmə modeli yaradır.
Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı yeni iqtisadi konsepsiya böhran şəraitində belə sosial-iqtisadi və struktur islahatlarının həyata keçirilməsinə güclü təkan verir. Qlobal böhran şəraitində İnvestisiya Holdinqinin yaradılması Prezident İlham Əliyevin struktur islahatlarının məntiqi davamıdır.
Onu da xatırladaq ki, avqustun 12-də Prezidentin sərəncamı ilə holdinqin Müşahidə Şurasının tərkibi təsdiq edilib və avqustun 14-də Müşahidə Şurasının sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi ilə ilk iclas keçirilib. Videomüşavirədə dövlət başçısının fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Keçidlər