Koronavirusun lokallaşdırılması istiqamətində görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verir
Azərbaycan bütün imkanlarını COVID-19-a qarşı səfərbər edib. Dövlət sanitar-epidemioloji vəziyyətin nəzarət altında saxlanılması üçün tədbirləri davam etdirir. Məhz zamanında bu istiqamətdə aparılan sistemli işlər ölkəmizi pandemiyanın səbəb olacağı labüd təhlükələrdən müəyyən qədər sığortalayıb.
Ölkəmizin səhiyyə sisteminin dərhal pandemiya şəraitinə uyğunlaşdırılması, tibbi vəsaitlərlə təchizatın yüksək səviyyədə olması, modul tipli xəstəxanaların qısa zamanda istifadəyə verilməsi, ən müasir laboratoriyaların quraşdırılması COVID-19-la uğurlu mübarizə aparmağa imkan yaratdı. 100 minə yaxın tibb işçilərimizin virusa yoluxan hər bir vətəndaşın sağaldılması uğrunda apardığı mücadilə müsbət bəhrəsini verdi. Müalicələrin yüksəkkeyfiyyətli olması, qabaqcıl ölkələrdə virusa qarşı keçirilən tədbirlərin ölkəmizdə də tətbiq olunması sayəsində hazırda koronavirusa yoluxan 31 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb.
Koronavirusun yayılmasının qarşısını almaqda kömək edən ən effektiv vasitələrdən biri virusun erkən aşkarlanması üçün aparılan testlərdir. Buna görə də ölkədə bu məqsədlə keçirilən testlərin sayı artırılır və hazırda bu say 8 yüz mindən çoxdur.
Bu həftədən etibarən isə respublikamızda koronavirus pandemiyası ilə əlaqədar seroloji testlərin keçirilməsinə başlanılacaq. Bu testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova bununla bağlı bildirib ki, həmin şəxslərə zəng etdikdən sonra razılaşdıqları halda qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət onların evinə yaxınlaşıb qan nümunələri götürəcək. Layihənin məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Layihəyə Bakı şəhərindən başlanılacaq və 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra bunun Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə son zamanlar gündəlik yoluxma halında ardıcıl olaraq kəskin azalma müşahidə olunur. Məsələn, iyul ayının əvvəlində gündəlik 500-dən çox yoluxma qeydə alınırdısa, ölkədə son zamanlar virusa yoluxan insanların sayı 100, hətta ondan da aşağı səviyyədədir.
Ona görə də sanitar-epidemioloji vəziyyət təhlil edilərək və koronavirusa yoluxma sayında müsbət dinamika nəzərə alınaraq sərtləşdirilmiş karantin rejimində mərhələli şəkildə yumşalmalar tətbiq olunur. Belə ki, avqustun 5-dən SMS icazə sistemi ləğv edildi, çimərliklər açıldı. Avqustun 10-dan iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə mindi. Müvafiq qərara əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi. İri ticarət mərkəzləri və "Mall”lardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açıldı, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən məhdudiyyətlər aradan götürüldü.
Bu gündən isə Nazirlər Kabineti yanında Operativ Qərargahın yuxarıda adları sadalanan ərazilərdə elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik olunması barədə qərarına əsasən, ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Həmin yerlərdə ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək. Qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağası qüvvədə qalır.
İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməlidir. İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalı, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarda, habelə onların açıq hava sahələrində masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır. Qaydalara əsasən, bu məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
Dünyada koronavirusun tüğyan etdiyi bir zamanda ölkəmizdə COVID-19-a yoluxmada əldə olunan müsbət tendensiya və ardıcıl atılan yumşalma addımları sevindiricidir. Təbii ki, sadalanan irəliləyişlərə vətəndaşlarımızın qoyulan qaydalara qarşı məsuliyyətli davranışı, nizam-intizam göstərməsi də böyük təsir göstərir. Bu, bir həqiqətdir ki, görülən tədbirlərin effektivliyi həm də fərdi qaydada hər bir vətəndaşın üzərinə düşən müvafiq məsuliyyəti yerinə yetirməsindən birbaşa asılıdır.
İctimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər qapalı yerlərdə maskadan istifadə edilməsi, sosial məsafə saxlanılması, şəxsi gigiyena qaydalarına riayət olunması, ümumiyyətlə, pandemiya şərtlərinə əməl edilməsi normal həyata dönüşümüzü daha da sürətləndirə bilər.