Dövlət sərhədləri etibarlı qorunur
XX əsrin əvvəllərində Azərbaycanın sərhəd mühafizə qüvvələrinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır. Milli parlament 1919-cu il avqustun 18-də 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul etdi. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə sərhəd mühafizəsi istiqamətində görülən işlər yarımçıq qaldı. Lakin qısa müddətli fəaliyyət nəticəsində sərhəd və sərhədçi anlayışı dövlət müstəqilliyinin vacib atributu kimi şüurlara həkk olundu.
Azərbaycanın sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, müasir Azərbaycan dövlətinin qurucusu, dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
16 avqust 2000-ci il tarixli sərəncamla əbədiyaşar Lider şanlı yubileyimizin təməlini qoydu: milli Sərhəd Qoşunlarının tarixini kökündən, himindən başladı. Məhz həmin tarixdən başlayaraq 18 avqust - respublikamızda sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu qərar tarixi varislik prinsipini və milli sərhədçilik yaddaşını bərpa etmişdir. Milli maraqlarımızı daim önə çəkən böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin kökləri olduğunu bir daha göstərdi.
Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiram, gələcəyinə inam hissi ilə yanaşır, bu günündən qürur duyur. Bu hisslərin təməlində dövlət sərhədlərinin mühafizəsinə ən yüksək səviyyədə verilən önəm durur. Ulu Öndər Heydər Əliyev sərhədlərimizin toxunulmazlığının təmin edilməsini dövlətimizin mühüm vəzifəsi kimi dəyərləndirmiş, sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, sərhəd siyasətinin konseptual müddəalarını müəyyənləşdirmiş, milli sərhəd strategiyasını yaratmış, bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını, hərbi qulluqçularının peşəkarlığını, Azərbaycan dövlətçiliyinə sadiqliyini nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə bizim üçün ciddi tapşırıqlar müəyyən etmişdir. Azərbaycan sərhədçisinə ali inamın ifadəsi olan bu tapşırıqların icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimizdir!
Səngərdə və sərhəddə Ermənistanla dövlət sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyası fəaliyyət göstərdiyi dövr ərzində formalaşaraq hərbi intizamı və döyüş qabiliyyətinin yüksək olması ilə fərqlənən hərbi birləşməyə çevrilmiş, qısa müddət ərzində dövlət sərhədinin mühafizəsində və müdafiəsində yüksək nəticələr əldə etmişdir.
Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır.
Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 m irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan vermişdir. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılmışdır.
Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilmiş, atəş nöqtələri susdurulmuş, hərbçiləri məhv edilmiş, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunmuşdur.
Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır.
Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi.
14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi.
Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır.
Bu gün hər bir sərhədçimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır! Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə həmişə hazırdır!