Rüşvətxorluq və korrupsiyanın bütün sahələrdə dərin kök atması Ermənistanı ağır duruma salıb
Müstəqilliyi formal xarakter daşıyan Ermənistanı idarə edən şəxslər ölkədə korrupsiya və rüşvət sistemini daim genişləndirmələri ilə seçiliblər. Bu xüsusda erməni mediasında kifayət qədər maraqlı məlumatlar yer alıb. İndiki baş nazir Nikol Paşinyanın isə əməllərinə xüsusi diqqət yetirilir. Məsələn, qeyd olunur ki, iki il bundan əvvəl heç nəyi olmayan Paşinyan və ailəsi ötən müddət ərzində Ermənistanda ən varlı insanlara çevriliblər.
Koronavirus pandemiyası əhalinin gəlirlərinin azalmasına, iş yerlərində ixtisarlara və müəssisələrin bağlanmasına səbəb olsa da, bu, baş nazirin rifahına təsir etməyib. Belə ki, Paşinyan 1,3 milyon dollara saat alıb.
"İravunk” qəzeti yazır ki, "Yelk” müxalifət fraksiyasının lideri Paşinyanın ölkənin ən kasıb baş naziri sayıldığı günlər arxada qalıb. 2018-ci ilin yazında o, Ermənistanın yüksəkvəzifəli rəsmilərinin etika komitəsinə bir bəyannamə təqdim edib, onun bir il üçün qazancı təqribən 16 min dollar idi. Bu məbləğin 12 min dolları isə deputat maaşı hesab olunurdu: "Məlum oldu ki, Paşinyan və həyat yoldaşının xarici aktivləri, bank hesabları və ya qiymətli kağızları yoxdur. Bununla yanaşı, Ermənistan hökumətinin başçısı heç bir daşınmaz əmlaka sahib deyildi. Ermənistanın birinci xanımı Anna Akopyanın 2018-ci ilin əvvəlində vergi vəsaiti 1000 dollar təşkil edib və ilin sonuna qədər bu məbləğ dəyişməyib”.
Qeyd olunur ki, bir vaxtlar "korrupsiyaya qarışsam, Ermənistan vətəndaşlarını məni meydanda asmağa çağırıram”, - deyən Paşinyanın ailəsinin artıq Kanadada malikanə alması ilə bağlı məlumatlar yayılıb: "Baş nazirin tərəfdarları bunun qarayaxma kampaniyası olduğunu deyirlər. Lakin biz də Ermənistandakı korrupsiya və yoxsulluğa qarşı mübarizə aparan Nikol Paşinyanın taxdığı 1,3 milyon dollara "Patek Phillippe” saatının fotosuna baxaraq gözlərimizə inanırıq”.
Bunların fonunda bütün sferalarda yaranan və gündən-günə dərinləşməkdə olan problemlərdən yaxın perspektivdə xilas üçün əhalidə heç bir ümid yoxdur. Bunu şərtləndirən əsas səbəblərdən biri kimi baş nazir seçildikdən sonra verdiyi heç bir vədə əməl etməyən Nikol Paşinyan iqtidarının konkret plan və proqramlara malik olmamasıdır. Digər səbəb isə hakimiyyətdə yer alan bəzi vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya və rüşvətxorluqla məşğul olmalarıdır. İşğalçı ölkənin özündə də açıq etiraf edilir ki, korrupsiya və rüşvətxorluq bir dövlət olaraq Ermənistanın tənəzzülünü daha da sürətləndirir. Bunun nəticəsidir ki, hətta rəsmi dairələrin özləri belə dövlətin bütün strukturlarında dərin kök salmış korrupsiyanın miqyasının təhlükəli həddə qədər yüksəlməsini gizlətməkdə acizlik çəkirlər.
Dəfələrlə mətbuata verdiyi açıqlamalarda Paşinyan korrupsiya və rüşvətxorluğun ölkəsi üçün kifayət qədər ciddi problem yaratdığını diqqətə çatdırıb, buna qarşı mübarizə aparıldığını bildirsə də, müxalifət baş nazirin açıqlamalarının gülməli xarakter daşıdığını və yalnız kütləyə hesablanmış fikirlər olduğunu bəyan edib.
"4rd.am” saytı yazır ki, ölkənin baş korrupsionerinin korrupsiyaya qarşı mübarizə aparılacağı haqqında söylədikləri xalqı ələ salmaqdan başqa heç bir məna daşımır. Qeyd olunub ki, hələ 2 il bundan öncə baş nazir korrupsiya ilə mübarizə aparacağını bildirirdi. Lakin o vaxtdan bəri keçən illər ərzində Ermənistanda korrupsiyanın miqdarı daha da genişləndi. Rüşvətxorluq bu gün cəmiyyətdə adi qarşılanan bir hala çevrilib: "Faktlar sübut edir ki, hazırda yeni iqtidar elə korrupsion sistem formalaşdırıb ki, orada məmurlar özlərinə böyük gəlir götürürlər. Ermənistanda bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevirib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir. Təsadüfi deyil ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksəkçinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksəkçinli məmurların gündən-günə artan korrupsiyasıdır”.
Bütün bunlar Ermənistanı kifayət qədər narahat günlər gözlədiyindən, ölkənin üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.