Azərbaycanın istənilən böhrandan çıxmağa gücü var
Prezident İlham Əliyev bəyan etdi ki, qarşıdakı dövrdə atılacaq bütün addımlar həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizə yeni imkanlar qazandıracaq
Dünya iqtisadiyyatını tənəzzülə uğradan qlobal böhan getdikcə dərinləşməkdədir. Pandemiya ilə mübarizə tədbirləri, insan sağlamlığının qorunması istiqamətində atılan addımların da istənilən ölkənin iqtisadiyyatına mənfi təsirləri var. Çünki bunlar böyük maliyyə tələb edir. Təbii ki, bu durum dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyib.
Son altı ayda qlobal böhran səbəbindən ölkə iqtisadiyyatının 2,7 faizlik tənəzzülü onu göstərir ki, dövlət iqtisadiyyatı deyil, insan sağlamlığının qorunmasını bir nömrəli vəzifə hesab edərək bu istiqamətdə çox önəmli addımlar atıb. Siyasətin mərkəzində ölkə vətəndaşı dayanır - deyən Prezident İlham Əliyev hər zaman olduğu kimi, qlobal böhran dövründə də vədinə sadiqliyini bir daha təsdiqləyir. Məhz pandemiya ilə mübarizə dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması, vətəndaşın sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli qərarların qəbul edilməsi onu göstərir ki, Azərbaycan istənilən böhranla mübarizəyə hazırdı.