“Qarabağ” yatağının dayaq bloku Azərbaycan xalqına və dövlətinə xidmət edəcək
Prezident İlham ƏLİYEV: "Əminəm ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”
Azərbaycan əsrlərdir yerin təkindən və artıq 70 ildən çoxdur dənizin dibindən neft hasil edir. Zaman-zaman ölkəmizin qaz yataqlarının da sayı artıb və indi bizim dünya şöhrətli "Şahdəniz”imiz var. Nə xoş ki, təbiətin öz səxavətli əli ilə yurdumza bəxş etdiyi bu böyük sərvət tükənmir. Son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqlarının bir hissəsi Azərbaycana gəlir gətirir, digərləri isə işlənmə mərhələsindədir və gələcək üçün böyük potensial vəd edir. Bu yataqlardan biri doğma Qarabağımızın adını daşıyan "Qarabağ” yatağıdır.
"Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşası uğurla başa çatıb və bu il avqustun 10-da qurğunun Xəzərə yola salınmasında Prezident İlham Əliyevin iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.
Xatırladaq ki, "Qarabağ” Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yataq Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. O vaxt burada 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar "Qarabağ”ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı barədə öz fikirlərində israrlı idilər və zaman bunu sübuta yetirdi.
2020-ci ildə SOCAR və Norveçin "Equinor” (keçmiş "Statoyl”) şirkətinin birgə qazma əməliyyatı vasitəsilə "Qarabağ” məhz neft yatağı kimi kəşf edildi. Yataq 60 milyon ton neft ehtiyatına malikdir. Burada 6 neft, 3 qaz və 3 suvurma quyusunun qazılması nəzərdə tutulur.
"Qarabağ” yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir.
"Qarabağ” layihəsi üzrə hazırlanmış dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 100 faiz Azərbaycana -
SOCAR-a məxsus "BOS Şelf” şirkəti tərəfindən iki il ərzində inşa edilib. Bu qurğu SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. 16 min ton ağırlığında olan qurğu "STB-1” daşıma barjına yüklənəcək və Xəzərdəki daimi yerinə çatdırılacaq.
Dayaq blokunun hazırlanması prosesində mühüm amillərdən biri də onun məhz yerli mütəxəssislər tərəfindən inşa edilməsidir. Belə ki, qurğunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.
Prezident İlham Əliyev dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib: "Nəzərə alsaq ki, "Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, "Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə "Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi, əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər.