İqtisadiyyatın liberallaşdırılması ilə bağlı ciddi addımların atılması labüddür
Pandemiya dövründə görüləcək işlərlə bağlı göstəriş və tapşırıqlarını verən Prezident qarşıya mühüm vəzifələr də qoydu.
Dövlət başçısı vurğuladı ki, ilin sonuna qədər görüləcək işlər, xüsusilə sahibkarlıqla bağlı olan işlər, eyni zamanda dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməli, itkiləri azaltmalıdır.
Əsas məsələ isə insanların sağlamlığı, onların sosial vəziyyəti və ölkənin iqtisadi dayanıqlılığıdır. Əgər dövlətin güclü iqtisadi imkanları olmasa, bütün niyyətlər kağızda qalacaq. Ancaq işlər elə görülməlidir ki, ölkə inkişaf etsin, dövlətin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin.
Sahibkarlara dövlət dəstəyinin bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəyini deyən Prezident qeyd etdi ki, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ciddi addımların atılması labüddür. Eyni zamanda özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır.
Dövlət başçısı vurğuladı ki, pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Sahibkarlar vaxtı ilə paytaxtda mövcud olan, lakin hazırda fəaliyyət göstərməyən müəssisələrin ərazilərində abadlaşdırma işləri apardıqdan sonra orada ictimai zonalar yaradıb yeni binalar inşa edə bilərlər. Bu da yeni iş yerlərinin açılmasını şərtləndirər və biznesin canlandırılmasına səbəb olar.
Göründüyü kimi, cənab İlham Əliyev qlobal böhran dövründə ölkə iqtisadiyyatının daha çox tənəzzülə uğramaması, vətəndaşların sağlamlığının qorunması istiqamətində çox mühüm qərarlar qəbul edir. Azərbaycan Prezidentinin məhz belə bir dövrdə atdığı addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.
Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan iqtisadi strategiyası ölkənin istənilən çətin durumdan xilasını şərtləndirən yol xəritəsidir. Görülən effektiv qabaqlayıcı tədbirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan bu böhrandan da az itkilərlə çıxacaq. Son müşavirədə dövlət başçısı da vurğuladı ki, şəffaflıq, dürüstlük, ölkədə biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya dövründə, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq.