Özəl sektorun inkişafı ölkənin iqtisadi inkişafında başlıca faktordur
Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq.
Ancaq bu yolla bu müəssisələr işə salına bilər. Çünki Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər. Ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər.
İnvestorları cəlb etmək lazımdır. Öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq.
Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir.