Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir

03 avqust 2020 | 16:00

Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə böyük sosial-iqtisadi yüksəliş yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətini və siyasi nüfuzunu daha da artırırdı, onu dünyanın ən çox sayılıb-seçilən ölkələri sırasına qovuşdurdu.
Böyük sosial-iqtisadi inkişafın, bütün uğurlarımızın, beynəlxalq meqalayihələrin təşəbbüsçüsü olmağımızın, qarşıya çıxan istənilən çətinliklərin öhdəsindən gəlməyimizin əsas səbəbi liderlə xalqın birliyidir.
"Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyir dövlətimizin müdrik başçısı. Dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır.
Heç uzağa getməyək, son ayların hadisələrini xatırlayaq. Dünyanı dolaşmaqda olan koronavirus pandemiyası Azərbaycana çatar-çatmaz dövlət insanların sağlamlığı naminə bütün imkanlarını səfərbər etdi. Böyük vəsaitlər hesabına qoruyucu vasitələr istehsal edən müəssisələr istifadəyə verildi, yeni xəstəxanalar tikildi, xəstələrin müalicəsi üçün hər cür şərait yaradıldı. Heç bir vətəndaş diqqətdən yayınmadı. Qocalar qayğı ilə əhatə olundu, fermerlərə və sahibkarlara maddi dəstək göstərildi, işsizlərə, iş yerini itirənlərə müvinətlər verildi və s.
Prezident İlham Əliyevin dediyi kimi: "Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”.
Xalqımız, eləcə də, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bütün tədbirlərə dəstək verir. Birinci xanım Mehriban Əliyeva Azərbaycan analarının və uşaqlarının, məcburi köçkünlərin, şəhid ailələrinin, qocaların böyük himayədarıdır, gördüyü dəyərli və xeyirxah işlərə görə bütün xalqın dərin məhəbbət və ehtiramını qazanıb. İnsanlardan aldığı dəstək də məhz bu amillərə əsaslanır.
Bu ilin iyul ayında Ermənistanın atəşkəsi kobudcasına pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi, nəticədə düşmənin öz bəd əməlinə layiq cavab alması zamanı da ölkəmizdəki xalq-iqtidar birliyi bir daha təsdiqləndi. Xalqın öz Prezidentinə , Ali Baş Komandana, dövlət başçısının isə orduya, vətəndaşlara arxalandığı əyani göründü.
Prezident İlham Əliyev bu barədə demişdir: "Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.
Bir sözlə, Azərbaycanda son aylar yaşanan hadisələr bir daha göstərir ki, xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Bütün bunlar xalq-iqtidar birliyinin daha bir göstəricisidir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.

Keçidlər