Prezident İlham Əliyev: Bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır
Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.
“Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu, strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər.
Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.
Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salınmışdı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız”, - deyə dövlətimizin başçısı bildirib.