Daşkəsən rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı
Daşkəsən rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı
Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə daşkəsənlilər yüksək səviyyədə hazırlıqla gəlmişdilər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanmış, rayonda dekabr ayının 1-dən 10- dək anım günü dahi liderin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərlə qeyd olunmuşdur.Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümyəndəliklərində anma tədbirləri keçirilmişdir.
Ümumtəhsil məktəblərində inşa yazı, rəsm müsabiqələri, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, mədəni-maarif müəssisələrində kitab sərgiləri, foto stendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin ulu öndər Heydər Əliyevə, onun müqəddəs ideyalarına hörmət və ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyevin şəxsi nümunəsində vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də rayon ictimaiyyətinin 5000-dən çox nümayəndəsi ulu öndərin rayon mərkəzində ucalan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra YAP rayon təşkilatının Şura üzvləri, iştirakçıların bir qrupu Heydər Əliyev Mərkəzində də olmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Mərkəzi ziyarət edən daşkəsənlilərə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə ürəklərində gəzdirdikləri bu hörmət və ehtiramdan, sevgidən məmnun olduğunu bildirmiş, təşəkkür etmişdir.
Sonra İcra Hakimiyyətinin Başçısı tədbir iştirakçılarına müraciətlə qeyd etmişdir ki, bu gün Azərbaycan xaqlı dövlətimizin əldə etdiyi uğurlara görə Ulu öndərimiz Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə minnətdardır ki, Prezident cənab İlham Əliyevi xalqımıza bəxş etdi.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixi sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi.
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il (1993-2003) Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Həmin uğurlu yol bu gün inamla davam etdirilir.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzun müddətli inkişaf istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.
Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir.Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artmış, yeni sənaye şəhərləri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və sosial sahələrdə layihələr həyata keçirilmişdir.
Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yarandı.
Əlbəttə bu yüksək göstəricilər Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Azərbaycanın bütün regionları ölkə başçısının diqqət və qayğısından yetərincə bəhrələnir.
Dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
2014-cü ilin oktyabrın 17-i daşkəsənlilərin yaddaşında silinməz izlər buraxıb. Son illər sürətlə yeniləşən, abadlaşan Daşkəsən Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya qazandığı uğurların hesabatını verirdi. Daşkəsəndə gedən genişmiqyaslı quruculuq işləri, yolların abadlaşdırılması, infrastrukturun yenilənməsi, kəndlərin abadlaşdırılmasında aparılan məqsədyönlü tədbirlər sürətli inkişaf tempindən xəbər verir. Daşkəsən müasir tələblər uyğun qurulur, əhalinin güzəranının yaxşılaşdırılması sahəsində önəmli tədbirlər görülür. Bütün bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin qayğı və dəstəyini hər an hiss edib, ondan faydalanmışıq.
Tarixi səfər zamanı dövlət başçısı və xanımı əvvəlcə Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Daşkəsənlilərin fəxri olan və əbədiyaşar liderin xatirəsinə olan ehtiramı nümayiş etdirən Heydər Əliyev Mərkəzi ulu öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Mərkəzdəki eksponatlar sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun atrması məhz ulu öndər Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Gördüyünüz kimi, Daşkəsənin görkəminə xüsusi gözəllik verən Mərkəzin birinci mərtəbəsində Ümummilli liderin büstü qoyulub. Buradakı ulu öndərlə bağlı bütün yadigarlar xüsusi maraq doğurur. Prezident cənab İlham Əliyev və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və görülmüş işlərlə bağlı razılıqlarını bildirmişlər.
Dövlət başçısı və xanımı Daşkəsəndə yeni avtovağzalın və Xoşbulaq kəndində inşa olunmuş Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, hər iki obyektdə görülən işlərlə tanış olaraq, öz tapşırıq və tövsiyələrini vermişdir.
Nəzərə alsaq ki, respublikamızın ən füsünkar guşələrindən olan Daşkəsən turustləri özünə cəlb edir, o zaman avtovağzalın şəhərin mədəni-iqtisadi həyatında nə qədər mühüm rol oynayacağı aydınlaşır. Son illər rayonda məqsədyönlü şəkildə aparılan abadlıq və qurucuq işləri turist axınını kifayət qədər sürətləndirib və avtovağzal kompleksi inşa edilərkən bütün bunlar nəzərə alınıb.
Rayonumuzda aparılan quruculuq işləri hər bölgənin inkişaf strategiyasına uyğun aparılır. Memarlıq üslübunda tikilən Rayon icra Hakimiyyətinin inzibati binası Daşkəsənin görkəminə xüsusi gözəllik verir. 3 mərtəbədən ibarət olan binada otaqların hamısı müasir tələblər səviyyəsində qurulub, bütün texniki imkanlar yaradılıbdır.
Daşkəsənin uzun illər probleminə çevrilən sosial yönümlü məsələlər artıq öz həllini tapmışdır.Əhali işıq, qaz sarıdan korluq çəkmir. Müasir işıqlandırma rayonun gecəsini də cəlbedici edibdir. Yaşıllaşdırma işləri sürətlə aparılır.
Daşkəsəndə aparılan sürətli inkişaf həyatın bütün sahələrində özünü büruzə verir. Günbəgün məktəblərin maddi-texniki bazası möhkəmləndirilir. İnsanların sağlamlığının keşiyində duran tibb ocaqlarının maddi bazası gücləndirilir. Müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezident İlham Əliyevin Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən və praqmatik dövlət siyasətinin uğurlu nəticəsidir ki, bu gün regionlar sürətlə inkişaf edir. Bunu daşkəsəninin timsalında da aydın görmək mümkündür. Dağlar qoynunda yerləşən Daşkəsən qış turizmi üçün də əlverişli məkandır. Yəqin ki, yaxın vaxtlarda Daşkəsən bu sahədə də öz potensialından istifadə etmək imkanına malik olacaqdır.
2014-cü il oktyabrın 17-i Daşkəsən üçün çox müqəddəs və əlamətdar günlərdən biri kimi onun şərəf tarixinə yazıldı. Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın səfəri daşkəsənlilərə xoş anlar bəxş etdi, qürur və fərəhini artırdı.
Mərasim iştirakçıları hüznlü musiqi sədaları altında Ulu öndərin abidəsi önünə gül dəstələri düzərək meydanı tərk etdilər.
Sahib Əhmədov
Daşkəsən.