Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan bu gün görünən və görünməz iki düşmənlə üz-üzədir

20 iyul 2020 | 16:00

Azərbaycan bu gün iki düşmənlə üz-üzədir. Bunlardan biri bütün dünyanı çənginə almış COVID-19 koronavirus pandemiyası, digəri isə belə bir zamanda ölkəmizlə sərhəddə təxribat törədərək öz mənfur məqsədlərinə çatmaq istəyən işğalçı Ermənistandır. Ona görə də hazırda bütün dünya əsas diqqəti pandemiyanın qarşısının alınmasına, insanların həyat və sağlamlığının qorunmasına yönəldərkən, Azərbaycan eyni zamanda həm bu ağır xəstəliyi, həm də düşmənin hərbi təxribatlarını dəf etmək məcburiyyətindədir.
İşğalçı ölkənin kimlərəsə güvənərək üstümüzə hücuma keçən silahlıları ilə müqayisədə pandemiya daha qorxulu düşməndir. Çünki real düşməndən fərqli olaraq bu bəla görünməzdir. Ən pisi isə budur ki, koronavirusa qarşı təsirli silah rolunu oynaya biləcək vaksin hələ tapılmayıb.
Görünən düşmənimizin - Ermənistan hərbçilərinin qarşısında isə qüdrətli ordumuz dayanıb. Azərbaycanın əsgər və zabitləri ölkəmizin sərhədlərini canları-qanları bahasına qoruyurlar. Düşmənin hər bir təxribat əməlinin cavabını layiqincə verirlər. Şəhidlərimizin qanı bundan sonra da yerdə qalmayacaq. İşğalçı ölkə bizə qarşı törətdiyi əməllərin cəzasını həm döyüş meydanlarında, həm diplomatik arenada, həm də özünü düçar etdiyi iqtisadi təcrid mühitində yüzqat artıq çəkməli olacaq. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə xüsusi diqqət yetirmiş və demişdir: "Bildirməliyəm ki, bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi.
Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir...
Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.
Azərbaycan Ordusunun Ermənistanın hücumunun qarşısını almaq üçün həyata keçirdiyi hərbi əməliyyat həm də, bütövlükdə, cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Düşmən təxribatlarına qarşı savaşda sıralarında general-mayor Polad Həşimov da olmaqla bir neçə zabit və əsgərimizin şəhid olması insanlarımızı işğalçı ölkəyə qarşı qisas ovqatına köklədi. Bu coşqu, dəstək təbiidir ...
Lakin dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ordumuza dəstək məqsədilə iyulun 14-ü, axşam saatlarında Bakıda keçirilən yürüşə bir qrup təxribatçı tərəfindən sonradan siyasi məzmun verilməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edildi. Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı həmin təxribatçılar ictimai qaydaların kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verdilər, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərdilər. Hərbi əməliyyatların hələ də səngimədiyi, gərginliyin davam etdiyi bir vaxtda bir qrup şəxsin iğtişaş yaratmaq cəhdləri, sosial şəbəkələrdə yalan informasiyaların yayılması, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin xatirəsinə hörmətsizlikdir.
Bu gün hər bir Azərbaycan vətəndaşı təcavüzkar Ermənistanın cəzasını vermək üçün müsəlləh əsgərə çevrilib silaha sarılmağa hazırdır. Qüdrətli ordumuzun qəhrəman əsgər və zabitləri kimi, mülki həyatdakı vətəndaşlarımız da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı işğalçıdan təmizləmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirlər.
Müharibəni ısə təbii ki, nizami ordu aparır və hərbi əməliyyatların nə zaman, necə, harada başlamasına peşəkarlar qərar verirlər. Bizimsə indiki durumda əsas vəzifəmiz Ermənistanın təxribatçı əməllərinə qarşı mətinliklə dayanmış ordumuza, Ali Baş Komandanımıza mənəvi dəstəyimizlə yanaşı, ikinci düşməni - koronavirus pandemiyasını da diqqətdən kənarda qoymamaqdır.
Unutmamalıyıq, pandemiya hələ davam edir. Bu bəlanın nə zaman sovuşacağını da kimsə bilmir. Dövlətimizin vətəndaşların həyat və sağlamlığını qorumaqdan ötrü tətbiq etmək məcburiyyətində qaldığı karantin tədbirləri, məhdudlaşdırıcı normalar hələ qüvvədədir. Müvafiq qurumların bütün cidd-cəhdinə baxmayaraq, ölkəmizdə yoluxma sayı hələ də yüksəkdir. Artıq sağalma sayının da buna təxminən bərabərləşməsi nikbinlik yaratsa da, problem öz aktuallığında qalır. İnsanlarımızın həyat və sağlamlığının qorunmasından ötrü hökumətimiz ardıcıl tədbirləri davam etdirir. İndi hər bir vətəndaşımızın dövlətimizə göstərəcəyi ən böyük kömək qaydalara əməl etmək, özünü və başqalarını xəstəlikdən qorumaqdır.
Qeyd etdiyimiz kimi, hər bir vətəndaşın öz dövlətinə, ordusuna dəstək niyyəti alqışlanmalıdır. Amma əgər bu niyyətin ifadə tərzi ölkə qanunvericiliyinin pozulması ilə müşayiət edilir və dövlət üçün başqa problemlərə yol açırsa, bunun başqa üsullarını tapmaq daha düzgün olar. İnsan öz dəstəyini, milli ruhunu yaşadığı evin eyvanından dövlət bayrağımızı asmaqla, bildiyi xarici dillərdə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqla, sosial şəbəkələrdə, digər informasiya-kommunikasiya kanallarında sağlam təbliğat aparmaqla da ifadə edə bilər.
İnsanlar küçələrdə kütləvi dəstəyi qanunvericilik tələblərini, ölkədə elan edilmiş karantin rejimini pozaraq göstərirlərsə bu, qətiyyən yolverilməzdir. Yaxın günlərdə yoluxma sayında artım müşahidə ediləndə bu cür kütləvi aksiyaların fəsadlarını hər kəs anlayacaq. Belə kütləvi toplaşmaların acı nəticələrini görəcəyik. Bu, bəlkə də onlarca insanımızın həyatını itirməsi, yüzlərlə vətəndaşımızın xəstəxana çarpayılarında həyat uğrunda mücadiləsi bahasına başa gələcək. Dövlətin yükü, qayğısı yeni yoluxanlar hesabına daha da ağırlaşacaq. İnsanların xilası üçün yayın bu istisində xüsusi qapalı geyimlərdə, tər-qan içində onsuz da min bir əzaba qatlaşan, aylarla ev üzü görməyən həkimlərimizin zəhməti daha da artacaq. Axı onlar da bu gün düşmənlə ağır döyüşdədirlər. Pandemiyaya qarşı savaşda da şəhid olan xeyli həkimimiz var. Heç bu barədə düşündükmü?! Öz davranışlarımızla onları qorumağa çalışdıqmı?!
Əgər biz dövlətimizin apardığı haqq davasına, hərbçilərimizin savaşına dəstək olmaq, şəhidlərimizin ruhuna öz ehtiramımızı bildirmək istəyiriksə, bunu daha məsuliyyətli davranışlarımızla, hökumətimizin qanunlarına, o cümlədən indiki günlərdə karantin rejiminə əməl etməyimizlə, ölkəmizin sabitliyi və təhlükəsizliyini qorumağımızla etməliyik. Vətəndaş məsuliyyətimizi unutmamalıyıq.

Keçidlər