Daşkəsəndə 12 Noyabr Konstitusiya günü qeyd edildi
Daşkəsən Rayon İcra Hakimiyyəti rayonun “N” saylı hərbi hissəsinin zabit və əsgər heyəti ilə birgə 12 Noyabr Konstitusiya günü münasibətilə Daşkəsən rayonunda tədbir keçirmişdir. Tədbirdə həmçinin rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları ardınca Heydər Əliyev Mərkəzinə yollandılar. Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova Mərkəzin fəaliyyəti, həmçinin ulu öndər Heydər Əliyevin şərəfli, xalqına həsr olunmuş ömür yolu barədə ətraflı məlumat verdi.
Daha sonra çıxışlar dinlənildi. Daşkəsən rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Malik Ələsgərov giriş sözü ilə çıxış edərək müstəqil Azərbaycanın əsas qanunu olan Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Azərbaycanda qəbul olunmuş Konstitusiyamızın tarixindən danışaraq 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyası olmasını qeyd etdi.
Bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elmar Əliyev məruzə ilə çıxış edərək qanunun aliliyindən, xalq və dövlət üçün zəruri olmasından söz açdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işçi qrupunun yaradılmasından, ümumxalq səsverməsi yolu ilə Konstitusiya Aktının qəbul olunmasından danışdı.
Mərkəzdəki eksponatlar və kitablarla tanışlıqdan sonra tədbir iştirakçıları ulu öndərin ordu quruculuğundan bəhs edən filmə tamaşa etdilər.
Sonda xatirə şəkli çəkildi.