Müstəqil siyasət yürüdən Azərbaycan inkişaf modeli və islahatları ilə beynəlxalq aləmin diqqət mərkəzindədir
Şübhəsiz ki, bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir.
Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürüb və məqsədyönlü addımlar atıb.
Bu çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi örnək xarakter daşıyır. Dövlət başçısının müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi beynəlxalq səviyyədə səylərin birləşdirilməsinə, həmrəyliyin möhkəmlənməsinə təkan verəcək, COVID-19-a qarşı mübarizədə mühüm töhfə olacaq.