Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır
Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bu baxımdan olduqca mühüm əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, bu gün müstəqil Azərbaycan bütün dünyada həm milli maraqlarını qətiyyətlə qoruyan, həm də qlobal təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına böyük səy göstərən dövlət kimi tanınır. Belə ki, dövlətimiz koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizədə də dünya dövlətlərinin və beynəlxalq təşkilatların fəaliyyətinin koordinasiyalı şəkildə qurulmasına hesablanan təşəbbüslərlə çıxış edir. İndiyədək Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil olunması ilə bağlı təşəbbüsü də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb. 130-dan çox dövlətin ölkəmizin təşəbbüsünü dəstəkləməsi isə indiki ağır məqamda Azərbaycanın beynəlxalq birlik üçün aktual çağırış etdiyini göstərir.
Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması barədə təşəbbüsünü dəstəkləməsi dünya dövlətləri tərəfindən ölkəmizə olan böyük etimadı göstərir. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Bu gün dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində qlobal həmrəyliyə ciddi ehtiyac var. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq.