Xüsusi karantin rejiminin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından da bəllidir ki, koronavirusa yoluxma sabitləşib, əvvəlki tendensiya artıq yoxdur. Ötən iki həftə ərzində tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verdiyindən dinamikanın saxlanılması şərt oldu. Bu səbəbdən də, sərtləşdirilmiş karantin rejiminin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb.
Yollardan postların yığışdırılmasından sonra polislərin daha da gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi ilə sərtləşdirilmiş karantin rejiminin tətbiqi pandemiyanın təsirlərinin azaldılması baxımından nəticənin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcək.
Ayın 5-dən sonrakı iki həftə ərzində də sərt qaydalar olacaq, hətta çoxsaylı insanların istifadə etdiyi metro xidməti tamamilə bağlanacaq. Eyni zamanda, həftə sonlarında ümumiyyətlə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Digər məhdudiyyətlər də tətbiq ediləcək. Eləcə də ictimai və sosial məsuliyyətin artırılması məqsədilə cərimələrin artırılmasını nəzərdə tutan qanun da artıq qüvvədədir. Beləliklə də, hökumət yoluxmanın sürətini və sayını azaltmaq üçün bu gün üçün məqbul olan məhdudiyyətləri tətbiq etdi. Amma bu, insanlarımızda əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi yenidən alovlandırmamalıdır. Biz birlikdə güclü olduğumuz üçün pandemiyaya qarşı mübarizədə də birgə addımlamalıyıq. Bu dövrü səbirlə, təmkinlə keçirməliyik, qayda və qanunlara mütləq riayət etməliyik. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayaq, mağazaya, ictimai məkanlara gedərkən maskadan istifadə edək, sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək.
Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbirli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tez çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar. Beləliklə də, normal yaşayış tərzimizə yenidən dönmüş olarıq. Nə qədər ki pandemiya şəraiti və karantin sürəcək, bunun dövlətimizə də, hər bir vətəndaşımıza da zərəri olacaq. Hazırda koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatına 2 trilyon dollara qədər zərər dəyib. ABŞ-da əhalinin təxminən 40 faizi işsiz vəziyyətə düşüb. Avropa iqtisadiyyatının bərpası üçün 400 milyard avro tələb olunur. Hətta, bu gün Avropa ölkələrində gənclərin işsizlik səviyyəsi 30 faizə yüksəlib.
Bütün bunlar əlbəttə ki, Azərbaycana da təsir edir. Amma hər bir halda dövlət müxtəlif proqramlarla vəziyyəti stabil saxlamağa çalışır. Lakin bilməliyik ki, səbirli və təmkinli olmağımız, pandemiyanı birgə tez bir zamanda məğlub etməyimiz nəticəsində dövlətimizin vəziyyəti, iqtisadiyyat stabilləşəcək.