İlham ƏLİYEV: "Pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır”
Prezident İlham Əliyevin bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü zamanı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Belə ki, artıq 130-a qədər ölkə İlham Əliyevin təşəbbüsünə dəstək verdikləri barədə BMT Baş katibinin ofisini məlumatlandırıblar.
40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, o cümlədən BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Zirvə toplantısı, ilk növbədə, Azərbaycana və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi kimi tarixə düşdü. O cümlədən Zirvə görüşünə BMT-nin Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisi oldu.
Bu tədbiri keçirməklə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsinə və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Eyni zamanda Zirvə görüşü göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Ən əsası isə Zirvə görüşü koronavirusla qlobal mübarizənin daha da güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Zirvə görüşündə yekun nitqində bu barədə deyib: "Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir”.
Onu da qeyd edək ki, Azərbaycanın COVID-19-a qarşı mübarizədə göstərdiyi qlobal həmrəylik nümunəsi yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşmadı. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırmaqla, 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verdi.