Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız bu sınaqdan layiqincə çıxacaq

30 iyun 2020 | 16:00

Yeni növ koronavirus infeksiyası dünyanı təhdid etməkdə davam edir. Hələlik tibb elmi virusun yayılmasının qarşısını ala biləcək vaksin hazırlaya bilməyib. Bununla belə, xəstəlikdən zamanında tibbi müdaxilənin edildiyi təqdirdə virusdan sağalmaq mümkündür.

Əsas vəzifə insanları qorumaqdır

Statistikaya əsasən, indiyədək dünyada koronavirus infeksiyasına yoluxanların sayı 8,1 milyon nəfəri ötüb. Onlardan təxminən 4,2 milyon nəfəri sağalaraq normal həyata qayıda bilib. Bununla belə, bəzi dövlətlərin təcrübəsi göstərir ki, virusdan qorunmanın əsas şərti karantin və izolyasiya rejiminin tətbiqi və vətəndaşların bu qaydalara əməl etməsidir. Bu baxımdan Azərbaycanda virusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlər və ölkə əhalisinin sayına nisbətdə yoluxma sayının az olması, vəziyyətin ümumən nəzarət altında saxlanılması dünyada koronavirusla mübarizədə mütərəqqi nümunələrdən biri kimi qəbul olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda virusun daha geniş ayaq aça bilməməsinin əsas səbəbi ölkə rəhbərliyinin ilk gündən məsələyə həssas reaksiyası, həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlər olub. Bir sıra ölkələrin bu xəstəliyə ilk vaxtlardan laqeyd münasibət göstərmələrinin sonradan ağır fəsadlara yol açması faktdır. İnkişaf etmiş Avropa ölkələrində yoluxma sayı on minlərlə ölçülür. ABŞ, Braziliya kimi dövlətlərdə daha ciddi fəsadlar yaşanmaqdadır. Azərbaycanda isə vəziyyət nəzarət altındadır. Xatırladaq ki, əhalisinin sayı Azərbaycandan beş dəfə az olan Ermənistanda yoluxanların sayı 17 min nəfəri ötüb. Vəfat edənlərin sayı isə 300 nəfərə yaxındır.
Beləliklə, digər ölkələrlə Azərbaycanı müqayisə etdikdə aydın görünür ki, respublikamızda vəziyyət nəzarət altındadır və həyata keçirilən məqsədyönlü tədbirlər səmərəsini göstərir. Ən əsası, Azərbaycandakı reallıq göstərir ki, dövlət öz vətəndaşlarının sağlamlığını qorumaq kimi missiyasını uğurla həyata keçirir. Bir neçə gün əvvəl modul tipli xəstəxanaların açılışında Prezident
İlham Əliyev bu barədə deyib: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.


Azərbaycan xarici yardım gözləyən dövlətlərdən deyil

Azərbaycanla bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, respublikamız koronavirusla mübarizəni sırf özünün daxili imkanları hesabına həyata keçirir. Məlum olduğu kimi, indiyədək 150-dən çox ölkə maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət edib. Çünki onların daxili imkanları təkbaşına xəstəliklə mübarizə aparmağa imkan vermir. Qürurlu haldır ki, Azərbaycan onların arasında deyil.
Əksinə, Azərbaycan pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra dövlətlərə maliyyə yardımı etməklə koronavirusla mübarizədə qlobal səviyyədə öz töhfəsini verdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə ianə etməklə ümumilikdə 29 ölkəyə humanitar yardım göstərib.
Həmin ölkələrin bir qismi Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının üzvüdür. Beləliklə, bütün dünya üçün önəmli vaxtda Azərbaycan əsl liderlik nümunəsi ortaya qoydu. Dünyada ikinci bir dövlət tapmaq çətindir ki, pandemiya dövründə Azərbaycan qədər humanitar yardım göstərsin.
Azərbaycanla bağlı başqa bir mühüm məqam isə koronavirusa yoluxanların hamısının dövlətin hesabına xəstəxana şəraitində müalicə olunmasıdır. Bu da birinci növbədə respublikamızın səhiyyə infrastrukturunun malik olduğu böyük potensialın təsdiqidir. İnformasiyalara görə hətta inkişaf etmiş dövlətlərdə belə infeksiyaya yoluxmuş xəstələrin müalicəsində ciddi çətinliklər mövcuddur və onların heç də hamısını xəstəxanaya qəbul etmək mümkün olmadı. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Çünki son 17 ildə Azərbaycanda özünü göstərən inkişaf səhiyyə sistemindən də yan ötməyib. Ölkənin bütün şəhər və rayonlarında səhiyyə müəssisələri tamamilə yenidən qurularaq müasir tibbi avadanlıqlarla təmin olunub. Əksər şəhər və rayonlarda yeni diaqnostika mərkəzləri yaradılaraq insanların istifadəsinə verilib. Bu baxımdan virusun hələ də yayıldığı indiki dövrdə Azərbaycan səhiyyəsinin xəstələrin müalicəsi baxımından heç bir çətinliyi yoxdur. Üstəlik, virus ölkəmizdə qeydə alındıqdan sonra yeni laboratoriyaların alınması, o cümlədən modul tipli xəstəxanaların yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların sağlamlığına olan yüksək diqqətinin göstəricisidir. Bütövlükdə, hazırda Azərbaycanda mövcud səhiyyə imkanları vəziyyəti nəzarət altında saxlamağa imkan verir.


Ən böyük uğur xalqımızın nümayiş etdirdiyi həmrəylikdir

Prezident İlham Əliyevin pandemiya dövrünün çağırışlarına uyğun düşünülmüş siyasəti nəticəsində Azərbaycan sənaye imkanlarını genişləndirdi, qısa müddət ərzində tibbi maska istehsalı müəssisələri fəaliyyətə başladı. İndi respublikamızda qoruyucu maskalar, dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Bununla da ölkəmizdə sözügedən məhsullara olan xarici asılılıq aradan qaldırıldı.
Azərbaycan Prezidentinin siyasi kursunun ən böyük uğuru isə xalqımızın bu çətin dövrdə nümayiş etdirdiyi birlik və həmrəylikdir. Bu birliyi və həmrəyliyi bir çox sahələr üzrə göstərmək olar. Prezident İlham Əliyevin epidemiya dövründə iqtisadiyyatın zərər çəkməməsi, həmçinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində verdiyi qərarların bütün cəmiyyətimiz tərəfindən təqdir olunması, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılmış məbləğin 100 milyon manatı ötməsi, dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin adi vətəndaşlara koronavirus dövründə dəstək göstərmələri xalqımızın öz rəhbəri ətrafında sıx səfərbər olmasının, milli birliyin və həmrəyliyin ayrı-ayrı nümunələridir. Bütün bunlar bir daha göstərir ki, xalqımız ən çətin günlərdə birləşə və milli iradə nümayiş etdirə bilir.
Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Digər beynəlxalq təşkilatlar respublikamızda pandemiya dövründə görülən işlərə yüksək qiymət veriblər. Bütövlükdə, görünən odur ki, Azərbaycan dövləti koronavirusla uğurlu və qətiyyətli mübarizə aparır və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız bu sınaqdan layiqincə çıxacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Keçidlər