Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İyulun 2-3-də Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək

28 iyun 2020 | 16:00

Dövlət İmtahan  Mərkəzi tərəfindən 2 və 3 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub. Daşkəsən məktəbliləri də imtahan verəcək.
2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər,  imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə elan olunmuş qrafikdən tanış olmaq mümkündür.
İmtahana buraxılış vərəqəsi hər imtahan gününə 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.
Həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulmuş Daşkəsən şəhər 1 və 2 nömrəli tam orta məktəblərin foye, dəhliz, imtahan otaqları dezinfeksiya edilib, sanitar qovşaqlarında axar su təmin olunub, tövsiyəyə uyğun təmizlik işləri aparılıb.
Şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı  yerlərdə  2 metrlik ara məsafəsinin nişanları çəkilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Maskadan istifadə etməyən şagirdlər imtahana buraxılmayacaq.
Bütün məzunlarımıza uğurlar diləyir, oxuduqları 11 il ərzində qazandıqları bilikləri layiqincə nümayiş etdirmələrini arzulayırıq.

Keçidlər