Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ iləəlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir.
Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir