Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İqtisadi imkanlarımız pandemiya dövründə başqa ölkələrdən asılılığımızı minimuma endirib

22 iyun 2020 | 16:00

İqtisadi imkanlarımız pandemiya dövründə başqa ölkələrdən asılılığımızı minimuma endirib

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu günlər üç modul tipli xəstəxananın açılış mərasimində iştirak etmişlər. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Hər birində 100 palata və 200 çarpayı yeri olan bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.
Bu gün dünya koronavirusdan xilas olmaq üçün mübarizə aparır. Bütün ölkələrin səhiyyə sistemi ağır sınaqdan keçir. Amma o da məlumdur ki, bir sıra ölkələrdə bu məsələyə münasibət birmənalı deyil. Ölkəmizdə isə ilk vətəndaşımız koronavirusa yoluxan anda Prezident İlham Əliyev bəyan etdi ki, bizim üçün əhalinin sağlamlığı hər şeydən üstündür. Həm də dövlət başçısı bəyanat verməklə kifayətlənmədi. Bu istiqamətdə qətiyyətli addımlar atdı, dövlətin bütün resurslarından istifadə edərək əhalinin sağlamlığını qorumaq üçün ciddi tədbirlər gördü:
"Bir müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını.
Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həminə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik... Bütövlükdə baxanda bizim iqtisadi fəaliyyətimiz də bu müddət ərzində çox uğurlu olub. Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır”. Bu sözləri Prezident sözügedən komplekslərin açılışı zamanı söyləmişdir.
Prezidentin atdığı humanist addımları xalq birmənalı olaraq dəstəkləyir, dövlət başçısına minnətdarlıq edir. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizəni yüksək qiymətləndirərək Azərbaycanı bu sahədə nümunə göstərir.
Lakin Prezident İlham Əliyevin humanizmi təkcə öz xalqının sağlamlığını qorumaqla bitmir. Dövlət başçısı, həmçinin dünyada bu xəstəliyə tutulan insanların xilası üçün də addımlar atır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 15 ölkəyə humanitar yardım göstərib. Bununla yanaşı, 14 ölkəyə fərdi qaydada humanitar yardımın çatdırılması ilə bağlı müraciətə müsbət cavab verib. Təsadüfi deyil ki, dünyada koronavirus pandemiyasından əziyyət çəkən ölkələrə bu gün ən çox yardım göstərən dövlətlərdən biri də Azərbaycandır.
Ölkəmizdə koronavirusa yoluxma hallarının və COVID-19-dan həyatını dəyişənlərin sayının başqa ölkələrə nisbətən az olması da vaxtında görülən tədbirlərin nəticəsidir. Hazırda Azərbaycanda xəstəliyi erkən aşkar etmək imkanına malik 20-dən çox laboratoriya fəaliyyət göstərir. Koronavirusa yoluxanların müalicəsi üçün ölkənin 20 qabaqcıl xəstəxanası ayrılıb. Həmçinin karantinə götürülən vətəndaşlar hər şəraiti olan yeni klinikalarda, bəzi hallarda isə 4-5 ulduzlu hotellərdə qalırlar. Azərbaycan həm də nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində müalicə olunurlar, halbuki dünyanın əksər ölkəsində xəstəliyi simptomlarsız keçirən insanlar ev şəraitində müalicə alırlar.
Koronavirusla mübarizədə Azərbaycan cəmiyyətindəki həmrəylik Prezident səviyyəsində yüksək qiymətləndirilir. Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 100 milyon manatdan çox vəsaitin köçürülməsi, həmçinin 10 modul tipli xəstəxananın 4-nün özəl sektor tərəfindən inşa edilməsi bunun göstəricisidir.
Bu gün qeyri-neft sənayesinin imkanları sayəsində tibbi maska, həkimlər üçün xüsusi geyimlər, dezinfeksiya vasitələri ölkəmizdə istehsal olunur. Bu o deməkdir ki, sənaye potensialımız indiki fövqəladə vəziyyətdə əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin hərtərəfli inkişafı, maliyyə imkanlarının geniş olması bizim müstəqilliyimizi təmin edir, Prezidentin qeyd etdiyi kimi, bu sahədə heç bir dövlətdən və beynəlxalq maliyyə qurumundan asılacağımız yoxdur. Belə ölkələrin sayı isə dünyada məhdud saydadır.
Rüstəm KAMAL,

Keçidlər